Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov 2010-cu il iyunun 18-də torpaqlarımızı erməni qəsbkarlarından azad etmək uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlmişdir. Bu münasibətlə DİN-in Daxili Qoşunlarının şəxsi heyəti iyunun 18-də II Fəxri Xiyabanda Milli Qəhrəmanın qəbrini ziyarət etmiş, məzarı üstünə gül dəstələri qoymuşlar.

  Mübariz İbrahimov 2005-2007-ci illərdə müddətli həqiqi hərbi xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində keçmiş, "çavuş" hərbi rütbəsinədək yüksəlmişdir.

   Daxili Qoşunlarda xidmət etdiyi müddətdə Mübariz Vətənə layiqli əsl hərbçi kimi formalaşmışdır. Müddətli həqiqi hərbi xidmətini başa vuran Mübariz bir müddət mülki işlərdə çalışdıqdan sonra yenidən ordu sıralarına qayıdır. 2009-cu ilin avqust ayında "gizir" hərbi rütbəsində Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən hərbi hissələrindən birində xidmətə başlayır.

   2010-cu ilin aprel-iyul aylarında taqım komandirinin müavini vəzifəsində xidmət edir. Bu müddət ərzində "Şəhid olanadək şərəfsizlərin üzərinə yerimək” arzusu ilə yaşayan Mübariz hər an düşməni məhv etmək istəyi ilə alışıb-yanırdı.

   2010-cu il iyunun 18-dən 19-na keçən gecə təkbaşına təmas xəttindəki bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini məhv edir. Bundan sonra düşmənin atəşini özünə qarşı yönəldərək 5 saat təkbətək döyüşur...

   Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur. Mübariz bir gecədə xalqının qəhrəmanına çevrildi. Adı Azərbaycanın qəhrəmanlıq tarixinə əbədi yazıldı.

   Azərbaycan Respublikası Prezidentinin 22 iyul tarixli sərəncamına əsasən, Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın ərazi bütövlüyünün və müstəqilliyinin qorunmasında müstəsna xidmətlərinə görə Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adı verilib.