12 mart 1992-ci ildə Daxili Qoşunların Biləcəri qəsəbəsində, Sumqayıt və Gəncə şəhərlərində yerləşən "N" saylı hərbi hissələri erməni işğalçıları ilə döyüşə başlamış, ərazi bütövlüyümüz uğrunda əvvəlcə Ağdam rayonunun Papravənd, Qalayçılar, Manikli, Baş Güneypəyə, Canyataq, Gülyataq kəndlərində vuruşmuşlar. Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən, Daxili Qoşunların ilk dəfə döyüşə başladığı həmin gün - 12 mart tarixi rəmzi olaraq "Daxili Qoşunların günü" kimi müəyyən edilmişdir.

Bu  döyüşlərdə iştirak edən hərbi qulluqçularımızdan çavuş Hatəmxan Babayev, leytenant Rafiq İsmayılov və baş leytenant Ruber Səfərəliyev Daxili Qoşunların ilk şəhidləri olmuşlar.
Daxili Qoşunların Ağdam alayının döyüş yolu igidlik və qəhrəmanlıqla zəngindir. Ağdam, Ağdərə və Füzuli rayonlarının yaşayış məntəqələri bu alayın şəxsi heyətinin cəsarəti, qəhrəmanlığı ilə azad edilmiş və müdafiə olunmuşdur. Döyüşçülərimiz Vətənə övladlıq borcunu şərəflə yerinə yetirmişlər. Onlardan biri -  Elpərəst Hüseynov Çıldıran kəndinin azad olunması zamanı düşmənin 70-dən çox canlı qüvvəsini məhv etmişdir.

O, sol qolunu itirməsinə baxmayaraq, son damla qanına qədər vuruşmuş və düşməni bir addım belə irəliləməyə qoymamışdır.

Daha bir cəsur hərbçi gizir Mahir Hümbətov komanda-qərargah maşını düşmənin əlinə keçməsin deyə onu partlatmış, özü də qəhrəmancasına həlak olmuşdur.
Digər bir qəhrəmanlıq nümunəsi Aterk kəndinin müdafizəsi zamanı göstərilmişdir.

Gəncə alayının 38 nəfər hərbi qulluqçusu hücuma keçən silah-sursat, zirehli texnika baxımından sayca üstün olan düşmənin qarşısından geri çəkilməmiş, son güllələri bitənədək müqavimət göstərmişlər.

Belə bir vəziyyətdə əliyalın olsalar belə, əlbəyaxa döyüşə atılan cəngavər döyüşçülərimiz düşmənin mühasirəsinə düşmüş, əlləri-qolları bağlanaraq, diri-diri yandırılmışlar.
Şəhidlər Xiyabanında onların qəhrəmanlığını əks etdirən məzarüstü lövhədə hər birinin adı həkk olunmuşdur.

Digər bir nümunə kimi Füzuli rayonu istiqamətində beş hərbi qulluqçumuzun rəşadətini göstərmək olar. Onlar adi silahla düşmən tankı qarşısından geri çəkilməyərək qəhrəmancasına şəhid olmuşlar.

Məzarları Füzuli rayonunun Böyük Bəhmənli kəndindədir.

Ümumiyyətlə, döyüş əməliyyatları zamanı Daxili Qoşunların şəxsi heyətindən 510 nəfər həlak olmuş, 1166 nəfər yaralanmış, 268 nəfər isə itkin düşmüşdür.
Həlak olan igid oğulların bir çoxunun qəhrəmanlıqları, şücaəti qiymətləndirilərək adları əbədiləşdirilmiş, 24 məktəbə, 7 məhəllə və küçəyə, bir körpüyə, bir mədəniyyət evinə onların adları verilmişdir.  
 

                                

 

                   BİR DÖYÜŞ XATİRƏSİNİN SORAĞI İLƏ...

  İllərdir işğal altında qalan torpaqlarımızın həsrətilə yaşamaq çətindir. Özü də həmin torpaqlarda yaşamış və döyüşmüş insanlar üçün bu dərd yükü daha böyük iztirabdır. Bir gün o yurdlara qovuşacağımıza inamı qoruyub saxlamaq və bunun üçün mübarizə aparmaq vətənpərvər insanın öz mənəvi gücünü və iradəsini toparlamasına söykənir. Bu toparlanma hissi əsl vətənpərvərlik meyarıdır. Vətənin güvəndiyi döyüşçünün məqsəd və amalına inamı onu fədakarlığa ruhlandırır. Mən bu hikməti müharibə sınaqlarında gördüm və duydum. Ölümlü-itimli döyüşlərdə həyatını fəda etmiş şəhidlərimiz bu uca mənəvi zirvənin müqəddəsliyini örnək olaraq göstərdilər. Torpaq, onun uğrunda ölən varsa Vətən olur. Şəhid qanı axan torpaq yağı tapdağında qalmayacaqdır. Şəhid məzarları üstündə dediyimiz bu and hərbi and qədər önəmlidir. Bugünkü nəsil üzərinə düşən bu vəzifənin yerinə yetirilməsini gələcək nəsillərə saxlaya bilməz. Onun buna haqqı da yoxdur.

  Müharibə ilə bağlı yazılarımda və çıxışlarımda belə bir məqamı xüsusi vurğulamışam ki, döyüş itkilərimiz, şəhidlərin döyüş yolu, itkinlərimizin və əsir düşənlərimizin taleyi ağrı-acılı qan yaddaşımızdır. Bu mövzuda araşdırmalar, tədqiqatlar həmişə öz aktuallığını qoruyub saxlayacaqdır. Mənim də müharibə yaddaşımda şəhidlər, itkinlər və yaralılarımız haqqında, ayrı-ayrı döyüş məqamlarını yaşadan xatirələrim var. Bəzən bu xatirələri bölüşməyə, bir növ onların yükündən azad olmağa kəskin ehtiyac duyursan. Ancaq bəzən də bu xatirələrlə baş-başa qalmağa daha çox meyillənirsən və elə hisslər, duyumlar qəlb dünyana hakim kəsilir ki, özünə qapılırsan...

  Döyüşçü yoldaşlarımın arasında şəhid olanlar az deyil. Elələri də var ki, döyüşlərdə itkin düşüb və onların taleyini həmişə düşünmüşəm. Bu yazıda bir döyüş xatirəsindən söhbət açmaq istəyirəm.

  1993-cü ilin iyun ayından başlayaraq ermənilərin Ağdam rayonu ərazisinə hücumları artmışdı. Həmin vaxta qədər düşmən Ağdərə istiqamətində əks hücuma keçərək bir çox yaşayış məntəqələrini və yüksəklikləri ələ keçirmişdi. Həmçinin, hər daşı-qayası bir istehkam olan Kəlbəcəri itirmişdik. Ölkədaxili ictimai-siyasi vəziyyət də çox gərgin idi. Gəncədə baş verən hadisələr ön cəbhədə vuruşan qüvvələrə də öz mənfi təsirini göstərirdi. Ancaq səngərlərdə dayanan oğullar, arxada baş verən bütün bu qarışıqlığa baxmayaraq, düşmənin hücumlarını dəf etmək üçün gücləri çatanı edirdilər.

  1993-cü il iyun ayının 17-də Ağdamın Qalayçılar kəndinin müdafiəsində dayanmışdıq. Həmin gün səhər açılandan ermənilər kəndi müxtəlif silahlardan atəşə tutmağa başladı. Hətta kəndin ərazisi və ön mövqelərimiz minaatanların zərbəsinə məruz qaldı. Döyüşün qızğın vaxtında artıq ayrı-ayrı cinahlardakı mövqelərimizin arasında əlaqə kəsilmişdi. Bu ağır döyüşdə Qalayçılara heç bir kömək gəlmədi. Bəzi mövqelərimiz mühasirə vəziyyətinə düşdü. O döyüşdə Elman Məmmədov, Arif Əsgərov, Süleyman Quliyev, İlqar Şirvanov, Maarif Siracov və başqa döyüşçü yoldaşlarım itkin düşdü. Döyüşçülərdən Ariz Bayramovu da itkin bilirdik. Ancaq o, işğal olunmuş kənddən gecə vaxtı çıxa bilmişdi. Ariz yaralanmışdı və qospitala göndərildiyindən, onu həmin vaxt görə bilməmişdim. Sonralar hərbi xidmətini başqa hərbi hissədə davam etdirməsi səbəbindən görüşə bilməmişdik. O, 1996-cı ildə hərbi xidmətdən tərxis olundu, mən isə hərbi xidmətdə qaldım. Beləcə, illər ötdü, yolumuz kəsişmədi. Ancaq onu gec də olsa tapıb görüşməyimizi arzulayırdım. Onun Qalayçılarda itkin düşən bəzi döyüşçülərimizlə bir mövqedə olması onların qaranlıq taleyinə işıq sala bilərdi. O ağır döyüşdə onları ən sonuncu görən Ariz olmuşdu. Arizin özünün başına gələnləri də bilmək istəyirdim. Nəhayət, uzun müddət keçsə də, döyüşçü yoldaşımla görüşmək arzum həyata keçdi. Bu yaxınlarda Biləsuvardakı Nərimankəndə - Arizin yaşadığı ünvana getdim. Uzun illərin ayrılığından sonra görüşdük, səngərli günlərimizi yada saldıq. Ariz mənə danışdı ki, Qalayçılar döyüşündə olduğu mövqeni əldə saxlamaq mümkün olmadıqda atışa-atışa kəndin içərilərinə doğru geri çəkiliblər. Bu zaman o, sol baldır nahiyəsindən güllə yarası alıb. Onun yanında olan döyüşçü yoldaşları, o cümlədən, yazıda adlarını çəkdiyim döyüşçülərdən bir neçə nəfəri kənddəki evlərdən birinə sığınıblar və Arizin yarası da burada sarınıb. Ancaq düşmən onların yerini aşkar edib və oranı atəşə tutmağa başlayıb. O vəziyyətdə döyüşçü yoldaşları yaralı Arizi evdə gizlətməyə macal tapıb. Belə ki, evdəki bir qapalı yerdə döyüşün sonuna kimi qalmalı olub. Dediyinə görə, şiddətli atışma səsi kəsildikdə ermənilərin səsini eşidib. Adlarını qeyd etdiyim döyüşçülərdən döyüşdə kimin şəhid olduğunu, kimin yaralı vəziyyətdə əsir düşdüyünü görməyib. Belə ki, gizləndiyi yerdən bunu görmək mümkün olmayıb. Ermənilər evi axtarsalar da, onun gizləndiyi qapalı yeri aşkarlamayıblar. O anlarda keçirdiyi həyəcanı, təlaşı, başının üstünü alan ölüm təhlükəsini, güllə yarasının ağrısını xatırlamaq onunçün çətin idi. Bildirdi ki, o anda oradan sağ-salamat çıxacağına gümanı az olub. “Ermənilər məni tapsaydılar, əsir düşməkdənsə, özümü öldürərdim” - dedi. Ariz qaranlıq düşəndən sonra həmin evi tərk edib. Deyir ki, ermənilər kənddəki evləri yandırırdılar. Alışıb yanan evləri görmək dəhşətli idi. Ermənilər “yandırılmış torpaq” taktikasını Qalayçılarda da tətbiq edib. Ariz qaranlıq olsa da, yenə də öz ehtiyatlılığı, cəsarəti və məharəti sayəsində təhlükəli ərazidən çıxmağa müvəffəq olub. Əraziyə yaxşı bələd olması onun köməyinə yetib. Dediyinə görə, Qalayçılardan çıxarkən kəndin qırağındakı evlərdən birini yandıran erməni əsgərini görüb. Düşmən əsgəri tək imiş. Ariz fürsətdən yararlanaraq, onu sərrast atəşlə məhv edib. Beləcə, gecə vaxtı qonşu kənddəki mövqelərimizə gəlib çıxa bilib.

  Ariz Ağdamın və Ağdərənin bir çox yaşayış məntəqələri və yüksəkliklərində şərəfli döyüş yolu keçib. Ənvər Arazov, İlham Ağakişiyev, Oqtay Eynullayev və digər şəhid zabitlərin mərdliyinin, Rüstəm Dəmirov kimi cəsur komandirlərin əzmkarlığının, şəhid Elpərəst Hüseynov (Kobra) kimi döyüşçülərin şücaətinin şahidi olub. “Şəhidlərimizi heç vaxt  unutmamalıyıq, onların qisasını almasaq, düşməni torpağımızdan qovmasaq, rahat və qürurlu yaşaya bilmərik” - dedi.

  Bu gün müharibə veteranı kimi Ariz Bayramov övladlarına da Vətən sevgisini aşılayır. Onlara döyüşçü qardaşlığına qəlbən bağlılığından da bəhs edir. Arizin kənddə hamı hörmətini saxlayır. Həmişə o fikirdə olmuşam ki, el-oba qədrini bilən şəxs Vətən üçün də can yandırar. İnsanın Vətən sevgisi onun ata ocağından başlayır. Ata ocaqlarımız və el-oba xeyir-duası həmişə bizə qüvvət verib, bundan sonrakı sınaqlarda da belə olacaq. 

 

 

                                      ÖLMƏZ QƏHRƏMAN…

  

  Baş verən tarixi hadisələrdən bəziləri müəyyən dövrdən sonra yaddan çıxır. Lakin tarixdə elə hadisələr  olur ki, heç vaxt unudulmur. Nəsillər bir-birini əvəz etdikcə bu tarixi gün daha çox xatırlanır, insanları işıqlı bir zirvəyə doğru aparır. Həmin zirvə şəhidlik zirvəsidir. Çünki şəhidlər Vətəni, milləti naminə şüurlu surətdə canlarını fəda edən insanlardır. Onlar yüksək əxlaqi keyfiyyətə malik olmaqla, qəlblərində Vətənə, millətə sonsuz sevgi yaşadanlardır.

  Azərbaycan xalqı hər zaman öz oğulları, şəhidləri ilə fəxr edib, qürur duyub. Onlardan biri də Milli Qəhrəman Ruslan Həmid oğlu Muradovdur. O, 1973-cü ilin iyun ayının 27-də Mingəçevir şəhərində dünyaya göz açıb. 1990-cı ildə 10 saylı orta məktəbi bitirib. Hələ gənc yaşlarından vətənpərvərlik ruhunda böyüyən Ruslan məktəbdə oxuduğu illərdə də ən çox hərbi hazırlıq fənninə üstünlük verib. Bütün silah-sursatların xüsusiyyətlərini öyrənməyə can atıb. Sanki hələ o vaxtdan həyatının cəbhə ilə sıx bağlı olacağını hiss edirdi. 

  Erməni quldurlarının torpaqlarımıza qarşı təcavüzü, soydaşlarımızın öz yurd-yuvalarından didərgin düşməsi hər saniyə Ruslanda düşmənə nifrət yaradırdı. O, hər zaman intiqam almaq hissi ilə yaşayırdı... Nəhayət, Ruslanın gözlədiyi gün gəlib çatdı. 1992-ci il yanvar ayının  22-də Mingəçevir hərbi komissarlığından hərbi xidmətə çağırılarkən bir an olsun tərəddüd etmədi. Bu tarix onu əbədilik zirvəsinə aparan yolun başlanğıcı idi. 

  Ruslanın döyüş yolu Qarabağın ən qanlı bölgələrindən başladı. Arxa cəbhədə bir müddət hazırlıq keçdikdən sonra Ağdamın Papravənd kəndinə göndərilir. Kəndin işğalçılardan azad edilməsi uğrunda gedən döyüşlərdə böyük şücaət göstərir. Öz cəsarəti, qorxmazlığı ilə düşmənin canına vəlvələ salır. Ruslan iştirak etdiyi döyüşlərdə dəfələrlə silahdaşlarını ağır vəziyyətlərdən çıxarmağa da müvəffəq olub. Bir dəfə döyüşçülərimizin olduğu hərbi təyyarə vurulmuş və erməni işğalı altındakı kəndlərdən birinin ərazisinə düşmüşdü. Düşmən tərəfindən əsir götürülmüş döyüşçülərimizi xilas etmək üçün başlanan genişmiqyaslı əməliyyatda Ruslan öz rəşadəti, qəhrəmanlığı ilə bütün yoldaşlarına əsl nümunə olmuş, misilsiz şücaət göstərmişdi. 

  1992-ci ilin avqust ayının 22-də isə Ağdam rayonunun Gültayaq kəndi uğrunda gedən döyüşlərdə düşmən ordusunun texnikasını, canlı qüvvəsini məhv edir. Lakin bu döyüş təəssüf ki, onun cəbhədəki son döyüşü olur. Ruslan Muradovun məzarı Mingəçevir şəhərinin Şəhidlər Xiyabanındadır. Mingəçevirdəki 15 saylı orta məktəb şəhidimizin adını daşıyır.

  Cəbhədə cəmi 7 ay döyüşməsinə baxmayaraq, Ruslan igidliyi, cəsarəti ilə silahdaşlarının dərin rəğbətini, sevgisini qazanmışdı. Hər zaman onları qələbəyə ruhlandırır, hər söhbətində torpaqlarımızın tezliklə düşmən tapdağından azad olunacağına inamını ifadə edirdi. Böyük qələbə gününü yaşamaq Ruslana nəsib olmasa da, onun kimi minlərlə cəsur hərbçilərimizin varlığı Azərbaycanın istənilən vaxt öz torpaqlarını azad etməyə hazır olduğuna əsaslı sübutdur. 

  Əsgər qazeti № 11, 15.06.2014-cü il.

 

“Evə qələbə sevinci ilə qayıdacam…”

 

 

Qarabağ uğrunda qəhrəmancasına şəhid olmuş igid oğullarımız haqqında danışmaq nə qədər çətindirsə, bir o qədər də şərəflidir. İndi haqqında söz açacağım qəhrəman əsgər yoldaşım olmuş və Ağdam rayonunun ərazisində yerləşən Fərrux dağı uğrunda şəhid olmuş Muradxanov Rövşən Muradxan oğludur. 

  O, 1992-ci ilin may ayında Xaçmaz rayonunun hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. 

  Hazırda 67987 saylı hərbi hissədə xidmət edən baş leytenant Bəxtiyar Əliyev Rövşənlə bağlı döyüş xatirələrini bölüşdü:

 “Rövşən xidmətə məndən bir neçə həftə gec gəlməsinə baxmayaraq, tez bir zamanda hərbi xidmətin qanunauyğunluqlarına yiyələnmək üçün səylə çalışırdı. Çünki  bilirdi ki, gec-tez torpaqlarımızın erməni qəsbkarlarından təmizlənməsi üçün bizə də növbə çatacaq. 

  Xidmətə gəlməmişdən əvvəl texnikaya həvəsi olduğundan sürücülük məktəbini bitirmişdir. O, komandirləri tərəfindən verilmiş hər bir tapşırığın öhdəsindən layiqincə gəlir və verilən tapşırıqların yerinə yetirilməsinə həvəslə yanaşırdı. Beləcə, 12 iyun 1992-ci ildə Montində yerləşən alayımız Ağdam istiqamətində gedən döyüşlərə cəlb olundu. Rövşən də bizimlə bərabər Naxçıvanik, Aranzəmin, Pircamal uğrunda gedən döyüşlərdə şücaətlə iştirak edirdi. Müəyyən bir vaxtdan sonra biz onunla fərqli mövqelərə yollandıq. Hər hansı bir döyüş tapşırığının alınması zamanı Cinli adlanan kənddə toplaşırdıq və onunla yalnız həmin kənddə görüşürdük. 

  Evə məktub yazarkən burada hər şeyin yaxşı olduğunu, ondan ötrü narahat olmamalarını və tez bir zamanda erməni quldurlarını torpaqlarımızdan qovub çıxaracağımızı qeyd edirdi. İstəmirdi ki, onun yanına ailə üzvlərindən gələn olsun. Deyirdi ki, tezliklə qələbə sevinci ilə evə qayıdacaq. O buna hədsiz dərəcədə inanırdı... 

  ...Artıq biz onunla tez-tez görüşürdük. Çünki hər gün Fərrux dağı uğrunda gedən döyüşlərdə qarşılaşırdıq. Sentyabr ayının 22-dən etibarən döyüşlər daha da şiddətlənməyə başlamışdı. Döyüşlər zamanı şəhid olmuş və yaralanmış əsgər yoldaşlarımızı gördükcə Rövşənin erməni cəlladlarına qarşı nifrəti birə-beş artırdı. Şəhidlərimizin qanının yerdə qalmayacağını böyük inamla qeyd edirdi. 

  Sentyabrın 25-də gecəyarı şəxsi heyət təyin olunmuş yerə getmək üçün yola düşdü. 

  26 sentyabr 1992-ci il. Tabor komandirimiz mayor Məhəmməd Hacıyev tərəfindən yerləşdiyimiz mövqe üzrə döyüş əmri verildi. Sübh tezdən ermənilərin yerləşdiyi mövqelərə hücum başlandı. Hücum zamanı bir neçə erməni qulduru məhv edildi. Bu zaman Rövşən də bizim sıralarımızda idi. O, yaralı erməni əsgərinə nifrət hissilə “sizin ayağınız bir də bu torpağa dəyməyəcək!”, deyərək onu məhv etdi. Biz bir neçə saat postlarda mövqe tutduqdan sonra düşmən qüvvələri böyük sayda şəxsi heyət və texnika ilə hücuma keçdilər. İki saat çəkən qızğın döyüşdən sonra mövqelərimizi dəyişməyə məcbur olduq. Fərrux dağının tam mərkəzində tabor yenidən toparlandı. Bu zaman iki əsgərimizin yaralı vəziyyətdə yuxarı mövqedə qaldıqlarını söylədilər. Onlardan biri də Rövşən idi. Tabor komandiri mayor Məhəmməd Hacıyev yaralılarımızın düşmən əlinə keçməməsi üçün onların gətirilməsini əmr etdi. Daşnakların gözləmədiyi anda onların üzərinə hücuma keçdik. Hücum zamanı istədiyimizə nail olsaq da, onları sağ görə bilmədik. Şərəfsiz erməni cəlladları Rövşəni amansızcasına və faciəvi şəkildə qətlə yetirmişdilər. İnsan qanına susamış qəsbkarlar Rövşəni yaralı şəkildə ağaca bağlayaraq ağır işgəncələr verərək qətlə yetirmişlər. Bu vəhşiliyi görən əsgər yoldaşlarımız çox kədərli bir an yaşadılar. Beləliklə, əsgər yoldaşlarımız tərəfindən hər iki şəhidimizin cəsədi dağdan aşağı endirildi. 

  Həmin günün axşamı mən özüm də yaralandığım üçün aşağıda yerləşən mövqeyə gətirildim. Burada heç zaman yaddaşımdan çıxmayan bir hadisənin şahidi oldum. Rövşənin atası Muradxan kişi oğlu ilə görüşmək üçün ön xəttə gəlmişdi. Təəssüf ki, görüşünə gəldiyi oğlunun tabutunu aparmalı oldu. Doğrudan da çox sarsıdıcı bir mənzərə idi. İnanıram ki, Rövşənlə bərabər bütün şəhidlərimizin qanları yerdə qalmayacaq!”. 

 Allah rəhmət eləsin!

 Xaçmaz rayon Ləcət kənd orta məktəbi şəhid Rövşən Muradxanovun adını daşıyır.

  Əsgər qazeti № 13, 15.07.2014-cü il.