Martın 30-da Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov Daxili Qoşunların Baş İdarəsində Belarus Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Gennadi Vladimiroviç Axramoviçi qəbul edib.

Qonağı səmimi salamlayan general-leytenant Ş.Məmmədov Azərbaycan və Belarus respublikaları arasında tarixi dostluq münasibətlərinin mövcudluğundan danışaraq, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Belarus Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunları arasında son dövrlərdə səmərəli əməkdaşlıq münasibətlərinin qurulmasını yüksək qiymətləndirib. O, hər iki qurumun komandanlarının rəhbərliyi ilə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini xüsusilə qeyd edərək, görüşlər zamanı hərbi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində səmərəli müzakirələrin aparılmasını bildirib. Daxili Qoşunlar Komandanı iki qurum arasında mövcud olan qarşılıqlı təcrübə mübadiləsinin xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsinə böyük töhfələr verəcəyini qeyd edib.

  Səfir G.V.Axramoviç səmimi və qonaqpərvər qəbul üçün təşəkkürünü bildirərək, iki ölkənin müvafiq qurumları arasında faydalı əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu deyib. O, qarşılıqlı əməkdaşlıq münasibətlərinin davam etdirilməsinin vacibliyini ifadə edərək, təcrübə mübadiləsinin genişləndirilməsi ilə bir çox sahələrdə müsbət nəticələrin əldə ediləcəyinə ümidvar olduğunu vurğulayıb.

  Görüşün sonunda general-leytenant Ş.Məmmədov qonaqla xatirə şəkli çəkdirib.