Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları

Daha bir qayğının şahidi olduqlarını deyən hərbçi ailələrinin üzvləri belə xoşbəxt anlar yaşadıqlarına görə ölkə Prezidentinə dərin minnətdarlıqlarını bildiriblər
 
 Bu gün qurucusu Milli Liderimiz Heydər Əliyev olan müstəqil Azərbaycan dövləti sosial-iqtisadi gücünə görə dünyanın aparıcı ölkələri sırasındadır. Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mütərəqqi iqtisadi islahatlar vətəndaşlarımızın, o cümlədən hərbi qulluqçularımızın sosial rifah halının yüksəldilməsinə xidmət edir. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 20 ildən artıq qüsursuz xidmət edən, hal-hazırda həqiqi hərbi xidmətini davam etdirən 10 nəfər müharibə veteranlarına Gəncə şəhərində inşa edilmiş, hərtərəfli şəraitə malik mənzillərin verilməsi bunun əyani sübutudur. Bu münasibətlə Gəncə şəhərində Daxili Qoşunların hərbi qulluqçularına mənzillərin orderlərinin təqdimolunma mərasimi keçirilib. 

Tədbirdə Daxili Qoşunlar Komandanının müavini - Maddi-texniki təminat İdarəsinin rəisi general-mayor Fəxrəddin Səmədov mənzillə təmin olunan hərbi qulluqçuları Daxili İşlər Nazirliyinin rəhbərliyi və Daxili Qoşunlar komandanlığı adından təbrik edib. Diqqətə çatdırılıb ki, Daxili Qoşunların şəxsi heyəti daim Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunub. Açılışında iştirak edilən, böyük zəhmət hesabına başa gələn yaşayış binası da bu qayğı və diqqətin daha bir nümunəsidir.

 Hərbi qulluqçular adından çıxış edən kapitan Bəxtiyar Əliyev əlamətdar və unudulmaz bir gün yaşadıqlarını deyərək, ailə üzvlərinin hədsiz sevinc hissi keçirdiklərini bildirib. Qeyd edib ki, Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin onlara göstərdiyi etimadı bundan sonra da fədakar xidmətləri ilə doğruldacaqlar. 

Hərbçi ailələri adından çıxış edən Könül Əliyeva və Fatimə Əliyeva hər zaman ölkə Prezidentinin diqqətini hiss etdiklərini bildiriblər. Bu gün daha bir qayğının şahidi olduqlarını dilə gətirən hərbçi ailələrinin üzvləri belə xoşbəxt anlar yaşadıqlarına görə ölkə Prezidentinə bir daha dərin minnətdarlıqlarını ifadə ediblər.

Sonra mənzillərin orderləri Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularına təqdim edilib və xatirə şəkli çəkilib.





Çap et  Çap et