Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları

 Dekabrın 30-da Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Daxili Qoşunlar Komandanlığını və şəxsi heyəti təbrik etmək məqsədilə qoşunların Baş İdarəsində olub.

C.Xəlilov Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədovla görüşüb.

Qonağı səmimi salamlayan Daxili Qoşunların Komandanı Veteranlar Təşkilatının bütün üzvlərini 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara işlərində müvəffəqiyyətlər arzulayıb.

Milli Lider Heydər Əliyevin veteranları cəmiyyətimizin dəyərli üzvləri kimi xarakterizə etdiyini vurğulayan general-leytenant Ş.Məmmədov diqqətə çatdırıb ki, gənc nəslin vətənpərvər ruhda tərbiyəsində onların fəaliyyəti böyük əhəmiyyətə malikdir.

Qeyd olunub ki, Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev veteranlara həmişə diqqət və qayğı göstərir, onların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə bir çox fərman və sərəncamlar imzalayır. 

Bu gün Daxili Qoşunların veteranlarını birləşdirən ictimai təşkilat olaraq Daxili Qoşunların Veteranlar Şurasının da fəaliyyət göstərdiyini deyən cənab komandan bildirib ki, veteranlarımız dövlətimizin hər bir çağırışına daim hazırdırlar.

Respublika Veteranlar Təşkilatının sədr müavini C.Xəlilov öz növbəsində qeyd edib ki, veteranlar həmişə Vətənimizə, dövlətçiliyimizə sadiqdirlər. Veteranların cəmiyyətimizdə birliyin və həmrəyliyin möhkəmləndirilməsinə xidmət etdiyini söyləyən sədr müavini 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təşkilat adından Daxili Qoşunlar Komandanlığını və şəxsi heyəti təbrik edib, xidmətdə nailiyyətlər arzu edib.

Görüşün sonunda xatirə şəkli çəkdirilib.





Çap et  Çap et