Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları

Oktyabr ayının 9-dan 13-dək Belarus  Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanının arxa cəbhə üzrə müavini-arxa cəbhə rəisi polkovnik Tatarko İqor Fedoroviçin rəhbərliyi ilə Belarus  Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olub.

Səfər çərçivəsində qonaqlar ilk olaraq Şəhidlər Xiyabanını ziyarət edib, torpaqlarımızın azadlığı və ölkəmizin suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini dərin ehtiramla anaraq, məzarları üzərinə və “Əbədi məşəl” abidəsinin önünə çiçəklər qoyub, Daxili Qoşunların Qarabağ müharibəsində şəhid olan Daxili Qoşunların hərbi qulluqçularının dəfn olunduğu “Qardaşlıq məzarı”nı ziyarət ediblər.

 Daxili Qoşunların Baş İdarəsində Daxili Qoşunlar Komandanının 1-ci müavini-Qərargah rəisi general-mayor Şirin Xəlilov belaruslu qonaqları qəbul edib. Səmimiyyət və qarşılıqlı fikir mübadiləsi şəraitində keçən qəbulda ölkələrin Daxili Qoşunları arasında əlaqələrin daha da inkişafına təkan verəcəyi bildirilib.

Daha sonra Daxili Qoşunlar Komandanının müavini-Maddi-texniki təminat İdarəsinin rəisi general-mayor Fəxrəddin Səmədov polkovnik Tatarko İqor Fedoroviçin rəhbərlik etdiyi nümayəndə heyətilə görüşüb. 

Görüşdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Belarus Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunları arasındakı hərbi əməkdaşlıq və dostluq münasibətlərinin mövcudluğundan məmnunluq ifadə olunub. Tərəflər arasında hər iki qurumun əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri də müzakirə olunub. Daxili Qoşunların yaranma tarixi, strukturu, normativ-hüquqi bazası, təlim-tədrisin, təchizatın vəziyyəti və beynəlxalq əlaqələri barədə genişməzmunlu brifinq nümayiş etdirilib. 

 Polkovnik Tatarko İqor Fedoroviç səmimi və qonaqpərvər qəbul üçün dərin təşəkkürünü bildirərək, ölkəmizə rəsmi səfərinin əməkdaşlığın bundan sonra da uğurlu inkişafına dəstək verəcəyini və hər iki dövlətin müvafiq qurumları arasında münasibətlərin daha da genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Dördgünlük səfər çərçivəsində nümayəndə heyəti Daxili Qoşunların Ali Hərbi Məktəbində tədrisin təşkili və maddi-texniki tədris bazası, kursantlar üçün yaradılmış hərtərəfli şəraitlə maraqlanıb, Bakı şəhərində və Quba rayonunda yerləşən hərbi hissələrində müvafiq xidmət sahələri ilə tanış olublar.
 
Qeyd edək ki, belaruslu qonaqlar Azərbaycanın zəngin mədəni irsini əks etdirən bir sıra tarixi abidələrə tanış olub və paytaxtımızı gəziblər.





Çap et  Çap et