Gənclər və İdman Nazirliyi tərəfindən 2005-ci ildən başlayaraq, keçirilən “Hünər”  Vətənpərvərlik Mahnıları Festivalının “26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü”nə həsr olunan növbəti 11-ci mərhələsinin seçim turu Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında təşkil edilib.

Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirlikləri, Dövlət Təhlükəsizlik və Sərhəd xidmətləri tərəfindən festivala qatılan 32 nəfər istedadlı gənclər arasında “Solo ifa” və “Musiqi aləti ilə ifa” nominasiyaları üzrə seçim aparılıb. Festivalda Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Nümunəvi-göstərici hərbi orkestrinin üç hərbi qulluqçusu təmsil edirdi.

Seçimi Gənclər və İdman Nazirliyi tərəfindən yaradılmış münsiflər heyəti həyata keçirib. Xalq artisti Mübariz Tağıyev, əməkdar artistlər - Tünzalə Ağayeva və Vüqar Camal tərəfindən aparılan seçim nəticəsində iki nominasiya üzrə festivalın final mərhələsinə 10 nəfər iştirakçı vəsiqə qazanıb. Festivalın yekun konserti və qaliblərin mükafatlandırılması mərasimi iyunun 30-da “Park İnn” otelində keçirilib. Açılışda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ayrı-ayrı qoşun növləri üzrə hazırlanmış videoçarxlar nümayiş etdirilib. Səhnəyə çıxan gənclər arasında  yenidən seçim aparılıb və hər iki nominasiya üzrə qaliblər və fərqlənənlər müəyyənləşdirilib.

Münsiflər heyətinin qərarına əsasən, “Musiql aləti ilə ifa” nominasiyası üzrə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları gizir Mövlayev Vüqar Ənvər oğlu birinci yerə, kiçik gizir Mustafazadə Bayram Qurban oğlu isə üçüncü yerə layiq görülüblər.

“Solo ifa” nominasiyası üzrə isə digər hərbi qulluqçumuz baş çavuş Məlikov Sadiq Rövşən oğlu II yeri qazanıb.
 
Hər iki nominasiya üzrə seçilmiş qaliblərimiz Gənclər və İdman Nazirliyi tərəfindən "Fəxri Fərman" və hədiyyələrlə mükafatlandırılıblar.