Aprelin 26-da Daxili Qoşunların Baş İdarəsində Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov Türkiyə Respublikasının Jandarm Baş Komandanı ordu generalı Yaşar Gülerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Qonaqları səmimiyyətlə salamlayan general-leytenant Ş.Məmmədov Türkiyə Respublikası Jandarm Baş Komandanlığı ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunları arasında dostluq və hərbi əməkdaşlıq münasibətlərinin günü-gündən genişləndiyini qeyd edib.
 
Səmimi və qonaqpərvər qəbul üçün təşəkkürünü bildirən Jandarm Qüvvələrinin Baş Komandanı ordu generalı Y.Güler respublikamıza səfər etməsindən məmnunluğunu ifadə edərək, iki ölkənin müvafiq qurumları arasındakı əlaqələri yüksək qiymətləndirib, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, təcrübə mübadiləsinin davam etdiriləcəyini vurğulayıb.
 
Qarşılıqlı fikir mübadiləsi zəminində keçən görüşdə hərbi tərəfdaşlıq məsələləri müzakirə edilib.
 
Sonra qonaqlara Daxili Qoşunların yaranma tarixi, strukturu, normativ-hüquqi bazası, döyüş yolu və bugünkü inkişafı barədə ətraflı məlumat verilib.
 
Qeyd edək ki, aprelin 28-dək davam edəcək səfər çərçivəsində Türkiyə Jandarm Qüvvələrinin Baş Komandanı və nümayəndə heyəti Daxili Qoşunların Ali Hərbi Məktəbində təlim-tədrisin təşkili, kursantlar üçün yaradılmış hərtərəfli şəraitlə və o cümlədən Bakı şəhərində yerləşən "N" saylı hərbi hissə ilə tanış olaraq taktiki təlimi izləyəcəklər.
 
Qonaqlar həmçinin Heydər Əliyev Mərkəzini və paytaxtımızdakı tarixi mədəniyyət abidələrini ziyarət edəcəklər.