Əsgər valideynləri övladları üçün yaradılmış hərtərəfli şəraitə görə Respublika Prezidentinə dərin minnətdarlıqlarını bildiriblər
 
 Aprelin 9-da Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədovun Qoşunların Bakı şəhərində yerləşən "N" saylı hərbi hissəsində əsgər valideynləri ilə görüşü keçirilib. Görüşə gələn əsgər valideynlərinin bir neçəsini qəbul edən Daxili Qoşunların Komandanı, onların müraciətlərini dinləyib.
 
Görüşün təşkil olunmasında əsas məqsədin valideynlərin müraciət və təkliflərinin dinlənilməsi olduğunu vurğulayan cənab komandan qeyd edib ki, Daxili Qoşunların bütün hərbi hissələrində əsgərlərin yüksək səviyyədə xidmət aparması üçün hərtərəfli şərait yaradılıb. Diqqətə çatdırılıb ki, ümumiyyətlə, Daxili Qoşunların hərbi qulluqçularının sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hərtərəfli şəraitə malik yaşayış kompleksləri, yeni hərbi şəhərciklər, qərargah binaları, əsgər kazarmaları, yeməkxanalar, tibb məntəqələri ən müasir zəruri avadanlıqlarla təchiz edilib.
 
Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı bildirib ki, bütün bunlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin şəxsi heyətə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
 
Görüş zamanı valideynlərin övladlarının xidmət keçməsi ilə bağlı verdikləri suallar da cavablandırılıb.
 
Əsgərlərin sosial-məişət şəraiti ilə yaxından tanış olmalarına şəraitin yaradılmasından məmnunluqlarını ifadə edən valideynlər övladları üçün yaradılmış hərtərəfli şəraitə görə Respublika Prezidentinə, həmçinin Daxili İşlər Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
 
Görüşdən sonra Daxili Qoşunların Komandanı əsgər valideynlərinin qaldırdığı məsələlərin həllolunması ilə əlaqədar konkret göstəriş və tapşırıqlar verib. Bir sıra məsələlər yerindəcə həllini tapıb.