Fevral ayının 24-də Daxili Qoşunların Baş İdarəsində Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov iştirak edib.

Tarixdə misli görünməmiş faciə olan Xocalı hadisələri haqqında məlumat verən məruzəçi ötən əsrlərdən etibarən erməni daşnakları tərəfindən soydaşlarımızın xüsusi amansızlıqla qətlə yetirildiyini və bu vandalizmə dünya ictimaiyyətinin hələ də göz yumduğunu diqqətə çatdırdı. Bildirdi ki, baş vermiş məlum hadisələr xalqımızın qan yaddaşında dərin izlər buraxmış, neçə illər keçməsinə baxmayaraq, soyqırımın günahkarları hələ də cəzasız qalıb.

Erməni separatçılarının Azərbaycan xalqına qarşı törətdikləri silsilə soyqırım aktlarının, onların məkrli siyasətinin dünya, eləcə də region dövlətləri tərəfindən dəstəkləndiyini təəssüf hissi ilə qeyd edən V.Abışov beynəlxalq aləmdə hələ də ikili standartların hökm sürdüyünü dedi.

Bu gün “Xocalıya ədalət” kampaniyasının dövlətimizin xarici siyasətinin ən mühüm istiqamətlərindən biri olduğunu diqqətinə çatdıran məruzəçi vurğuladı ki, erməni qəsbkarları tərəfindən törədilmiş misli görünməmiş vəhşiliklərin, xalqımızın başına gətirilmiş amansızlıqların təbliğ edilməsi hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

Anım tədbirində həmçinin Xocalı faciəsinin franqmentlərini özündə əks etdirən vüdeosüjet də nümayiş etdirilib.