Oktyabrın 13-də Daxili Qoşunların Baş İdarəsində hərbi intizamın vəziyyəti, tərbiyə işinin təşkili, qanunçuluğun möhkəmləndirilməsi üzrə fəaliyyətin nəticələri, qarşıda duran məsələlərə və vətəndaşların müraciətlərinə baxılması, qəbulu işinin vəziyyətinə həsr olunmuş Hərbi Şuranın iclası keçirilib.
 
  Hərbi Şuranın sədri Daxili İşlər Nazirinin müavini – Daxili Qoşunların Komandanı general-leytenant Ş.Məmmədov iclası giriş sözü ilə açaraq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş Daxili Qoşunlar 9 ay ərzində qarşıya qoyulmuş bütün xidməti-döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, mühüm beynəlxalq tədbirlərdə müəyyən edilmiş vəzifələrin öhdəsindən layiqincə gəlmiş, Qoşunların müasir silah-sursatla təchizatı, hərbi qulluqçuların sosial təminatı üzrə fəaliyyət davamlı olaraq aparılmışdır.
 
  Daxili Qoşunların Komandanı iclasın gündəliyini elan etdikdən sonra birinci məsələ üzrə mənəvi-psixoloji hazırlıq şöbəsinin rəisi polkovnik Mətləb Qənbərov məruzə edib. Bildirilib ki, cari ildə qoşunların şəxsi heyəti ilə tərbiyə işi qanunçuluğun və hərbi intizamın möhkəmləndirilməsinə, nizamnamədənkənar münasibətlərin və xəsarətalma hallarının qarşısının alınmasına yönəlib.
 
  Qeyd edilib ki, xidməti-döyüş tapşırıqlarının xüsusiyyəti nəzərə alınmaqla onların müvəffəqiyyətlə yerinə yetirilməsində psixoloji dözümlülüyün artırılmasına, xidmətin keyfiyyətlə aparılmasında komandir və rəislərin şəxsi nümunə göstərmələrinə xüsusi diqqət yetirilib. Bu məqsədlə müntəzəm olaraq hərbi intizamın vəziyyəti və aparılan tərbiyə işi tədbirləri nəzarətdə saxlanılıb, hər ay təhlil edilərək, Daxili Qoşunlar Komandanlığına məruzə olunub.
 
  İkinci məsələ üzrə Daxili Qoşunların Baş İdarəsinin Katibliyinin rəisi polkovnik-leytenant Rauf Əliyev məruzə edərək bildirmişdir ki, cari ilin 9 ayı ərzində vətəndaşların müəyyən edilmiş qrafikə uyğun qəbulu təmin olunub. Onların müraciətlərinə, ərizə və şikayətlərinə baxılması və haqlı tələblərinin həllinin təmin edilməsi istiqamətində məqsədyönlü işlər görülüb. Bunun üçün Qoşunların veb saytından geniş istifadə edilib. Daha sonra qeyd edib ki, daxil olmuş sənədlər və müraciətlər aidiyyəti üzrə icraçılara çatdırılıb və qanunvericilikdə nəzərdə tutulmuş vaxtda icra edilib.
 
  Diqqətə çatdırılıb ki, 2016-cı ilin cari dövrü üzrə bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi, informasiya texnologiyalarının xidməti fəaliyyətdə tətbiqi, elektron sənəd dövriyyəsinin təşkili, icra intizamına riayət olunması sahəsində idarəçilik fəaliyyətinin effektivliyi artıb.
 
  Sonra Hərbi Şuranın iclasında bir sıra hərbi hissələrin komandiri və komandirlərin tərbiyə işləri üzrə müavinləri dinlənilib. Çıxış edənlər mövcud nöqsanlar, onların yaranma səbəbləri, başvermə şəraiti ilə bağlı izahat verərək, gələcəkdə bu kimi halların təkrarlanmaması məqsədilə görülməsi zəruri olan tədbirləri diqqətə çatdırıblar.
 
  General-leytenant Ş.Məmmədov yekun nitqi söyləyərək bildirib ki, 2016-cı ildə qoşunlarda şəxsi heyətlə tərbiyə işinin təşkilində uğurlar əldə edilib, ümumilikdə, bu istiqamətdə mühüm işlər həyata keçirilib. Hərbi intizamın möhkəmləndirilməsində  2015-ci illə müqayisədə nailiyyətlərin qazanıldığını vurğulayan general-leytenant Ş.Məmmədov hərbi hissələrdə və bölmələdə tərbiyə işi tədbirlərinin tam və keyfiyyətlə həyata keçirilməsi, qanunçuluğa riayət edilməsi, hərbi kollektivlərin möhkəmləndirilməsi və nizamnamədənkənar münasibətlərin qarşısının alınmasında ictimai təşkilatların rolundan geniş istifadə edilməsi və digər kompleks tədbirlərin görülməsi barədə  müvafiq tapşırıqlar verib.
 
  O, əminliklə qeyd edib ki, Daxili Qoşunların şəxsi heyəti Azərbaycan Respublikasının qanunlarından, Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin fərman və sərəncamlarından, Daxili İşlər Nazirinin əmr və göstərişlərindən irəli gələn vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək, ölkədə ictimai təhlükəsizliyin və ictimai qaydanın qorunmasında mətin dayanacaqdır.