Bu gün Azərbaycan dünyada idman ənənələri ilə tanınır. Çünki idmanın inkişafı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. 2016-cı ildə artıq bir neçə mötəbər turnirlərin təşkilatçısı olan ölkəmiz daha bir beynəlxalq turnirə ev sahibliyi etdi.
 
  Sentyabr ayının 16-dan 23-dək Qəbələ şəhərində Atıcılıq üzrə gənclər arasında dünya kubokunun mərhələ yarışı keçirildi. Yarışın yüksək səviyyədə təşkili bir daha ölkəmizin güclü iqtisadiyyata malik olduğunu bütün dünyaya nümayiş etdirdi.
 
 

 

 

  Beynəlxalq turnir keçirildiyi zaman ən vacib məqamlardan olan ictimai təhlükəsizliyin təmin edilməsinə və ictimai qaydanın qorunmasına polis orqanlarının əməkdaşları ilə birgə Daxili Qoşunların “N” saylı hərbi hissəsinin hərbi qulluqçuları da cəlb olunublar.
 
  Bu məqsədlə hərbi hissədə qüvvə və vasitələrin hazırlığının yoxlanılması üçün sıra baxışı keçirilib. Hərbi hissə komandanlığı tərəfindən xidmətə cəlb olunan şəxsi heyətin hazırlığı, geyim təminatı, xüsusi avadanlıq və vasitələrlə təchizatı, eləcə də avtomobil və xüsusi texnikanın vəziyyəti yoxlanılıb.
 
  Yarışlar zamanı şəxsi heyət kənar şəxslərin idman klubuna daxil olmasının qarşısının alınması məqsədilə perimetr boyu xidməti təşkil və idman silahları saxlanılan anbarların mühafizəsini təmin edib.
 
  Atıcılıq klubunda müntəzəm olaraq mühəndis-istehkam qrupu tərəfindən şübhəli əşya, partlayıcı qurğu və maddələrə qarşı müayinə tədbirləri həyata keçirilib. Bu məqsədlə, xidməti itlərdən istifadə olunub.
 
  Həmçinin, beynəlxalq turnirin keçirildiyi obyektlərdə xidmət aparan hərbi qulluqçuların maddi-texniki təchizatı da diqqət mərkəzində saxlanılıb. Bununla bağlı bütün növ maddi-texniki təminat tədbirləri görülüb, təyin olunmuş yerlərdə şəxsi heyətin istirahəti  və qidalanması yüksək səviyyədə təşkil edilib.
 
  Qeyd edək ki, xidmətə cəlb edilmiş hərbi qulluqçularımız tərəfindən yarış müddətində yüksək peşəkarlıq nümayiş etdirilərək qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilmişdir.