Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanının bu münasibətlə ünvanladığı təbrik məktubu kursantlara çatdırılıb
 
  Daxili Qoşunların Ali Hərbi Məktəbinə bu il qəbul olan kursantların təntənəli andiçmə mərasimi keçirilib. Mərasimdə Daxili Qoşunlar Komandanının müavini - Şəxsi heyət üzrə İdarənin rəisi general-mayor Vidadi Əliyev, Türkiyə Respublikasının Qoşunlarda xidməti ezamiyyətdə olan zabitləri, Veteranlar Şurasının üzvləri, kursant valideynləri və ictimaiyyət nümayəndələri iştirak edib.
 
  Tədbir Ali Hərbi Məktəbin Döyüş Bayrağının sıra meydanına gətirilməsi ilə başladı.
 
 Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Daxili Qoşunların Nümunəvi-göstərici Hərbi Orkestrinin müşayiətilə Dövlət himni ifa edildi.
 
  Sonra Ali Hərbi Məktəbin rəisi general-mayor İ.Məmmədov çıxış edərək hərbi andın mənasını, öz xalqına, Azərbaycan Respublikasına və Azərbaycan hökumətinə sədaqətlə and içən kursantların üzərinə düşən şərəfli və məsul vəzifələri, eləcə də Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələrinin tələblərini xatırlatdı.
 
   Daha sonra Ali Hərbi Məktəbə yeni qəbul olmuş kursantlar hərbi and içərək, üzərilərinə düşən şərəfli və məsul vəzifələrin, Silahlı Qüvvələrin Nizamnamələrinin, eləcə də Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələrinin tələblərinə əməl edəcəklərinə söz verdilər.
 
  Kursantlar adından çıxış edən kursant Bayram Məmmədzadə müqəddəs bayrağa əl basaraq and içdiklərini, zabit adına hər zaman layiq olmağa çalışacaqlarına və bu yolda, lazım gələrsə, canlarını fəda edəcəklərinə hər zaman hazır olacaqlarını ifadə etdi.
 
  Valideynlər adından çıxış edən Azad Atayev isə bütün valideynləri təbrik edərək, onları bu müqəddəs və şərəfli yolda hər bir kursanta dəstək olmağa çağırdı. Kursantlarla yanaşı, hər bir valideynin Vətənin əsgəri kimi Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin verdiyi bütün əmr və göstərişləri layiqincə yerinə yetirməyə hazır olduqlarını nəzərə çatdırdı.
 
  Daxili Qoşunların Veteranlar Şurasının üzvü, döyüşçü-şair Elxan Xəzər kursantları təbrik edərək vətənpərvərlik hissləri ilə dolu şerlərini söylədi.
 
  Sonra çıxış üçün söz general-mayor V.Əliyevə verildi. O, hərbi andiçmə günü münasibəti ilə Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanının kursantlara ünvanladığı təbriki elan etdi. Təbrikdə kursantların Daxili Qoşunların bütün şəxsi heyəti kimi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan hər bir tapşırığı layiqincə yerinə yetirəcəkləri, Daxili Qoşunların sıralarının daha da möhkəmlənməsi və qüdrətlənməsi üçün səy göstərəcəkləri qeyd edilmişdir. Əminliklə bildirilirdi ki, sıralarımıza daxil olan gənclərimiz xidməti-döyüş tapşırıqlarını daha keyfiyyətlə yerinə yetirəcək, dövlət və dövlətçiliyimizin daha da gücləndirilməsi naminə öz fədakar xidmətlərini əsirgəməyəcək, sədaqət hissi ilə döyünən qəlbləri daima Vətən eşqi ilə alovlanacaqdır.
 
  Tədbir şəxsi heyətin tribuna önündən təntənəli keçidi ilə başa çatdı.