Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı 2016-cı ilin I yarımilində xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsinin nəticələrini qənaətbəxş qiymətləndirib
 
  İyulun 16-da Daxili Qoşunların Baş İdarəsində Hərbi Şuranın “2016-cı ilin I yarımilində xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsinin nəticələri və qarşıda duran vəzifələr”ə həsr olunmuş iclası keçirilib. İclasda Daxili Qoşunların hərbi hissələrinin komandirləri, qərargah rəisləri və tərbiyə işləri üzrə müavinləri iştirak ediblər.
 
  Müşavirədə giriş sözü ilə çıxış edən Hərbi Şuranın sədri, Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov bildirib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yürüdülən düşünülmüş siyasət, aparılan islahatlar nəticəsində ölkəmizdə təhlükəsizlik yüksək səviyyədə qorunur, ictimai sabitlik hökm sürür. Qlobal iqtisadi böhranın dərinləşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatının günü-gündən inkişaf etdiyini, sosialyönümlü siyasətin uğurla davam etdiyini diqqətə çatdıran Daxili Qoşunların Komandanı vurğulayıb ki, müasir dövrdə ölkəmiz nəinki regionda, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanıb.
 
  General-leytenant Ş.Məmmədov şuranın gündəliyini elan etdikdən sonra 2016-cı ilin I yarımilində xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsinin nəticələri və qarşıda duran vəzifələr haqqında Daxili Qoşunlar Komandanının 1-ci müavini – Qərargah rəisi general-mayor Şirin Xəlilov məruzə ilə çıxış edib.
 
  Bildirilib ki, 2016-cı ilin I yarımili ərzində Daxili Qoşunlar tərəfindən respublikamızda keçirilən bir çox beynəlxalq əhəmiyyətli və digər kütləvi tədbirlərdə qarşıya qoyulmuş bütün xidməti-döyüş tapşırıqları uğurla yerinə yetirilib, bir sıra nailiyyətlər qazanılıb. Qeyd edilib ki, xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi mövcud nizamnamələrin tələblərinə əsasən təşkil edilib. Bununla yanaşı, qoşunlara həvalə edilmiş dövlət obyektlərinin, həmçinin hərbi obyektlərin etibarlı  mühafizəsi təmin olunub.
 
  Məruzələr zamanı o da vurğulanıb ki, bu il iyun ayının 19-dan 21-dək paytaxtımızda keçirilən “Formula-1” Avropa Qran-Pri yarışları zamanı Daxili Qoşunların şəxsi heyəti daxili işlər orqanlarının əməkdaşları ilə birgə ictimai təhlükəsizliyin təmin edilməsində və ictimai sabitliyin qorunmasında fəal iştirak edərək, qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlib. Hərbi qulluqçularımız üzərlərinə düşən məsuliyyət hissini dərindən dərk edərək, vəzifə borclarının icrasına məsuliyyətlə yanaşıb, tapşırılmış obyektlərin etibarlı mühafizəsi təmin edilib.
 
  Daha sonra hərbi hissə komandirləri və hərbi hissə komandirlərinin müavinləri mövcud vəziyyət barədə məlumat verərək nöqsan və çatışmazlıqların mövcudluğu, yaranma səbəbləri barədə hesabat çıxışları ilə məruzə ediblər.
 
  Müşavirəyə yekun vuran general-leytenant Ş.Məmmədov ümumilikdə, 2016-cı ilin I yarımilində xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsinin nəticələrini qənaətbəxş qiymətləndirib, növbəti yarımildə qarşıda duran vəzifələrlə əlaqədar aidiyyəti vəzifəli şəxslərə tapşırıqlar verib.
 
  O, xüsusi olaraq vurğulayıb ki, Daxili Qoşunların bu fəaliyyəti Daxili İşlər Naziri general-polkovnik Ramil Usubov tərəfindən layiqincə qiymətləndirilib, şəxsi heyət üzərlərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirməli, əldə edilmiş müvəffəqiyyətlərdən arxayınlaşmamalı, xalqa, dövlətə ləyaqətlə xidmət edərək, ölkədə sabitliyin və ictimai asayişin keşiyində mətinliklə dayanmalıdır.