Davamlı olaraq mötəbər idman yarışlarına ev sahibliyi edən Bakı şəhərində daha bir beynəlxalq turnir başa çatıb.
 
  May ayının 10-da xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş beynəlxalq turnirdə Azərbaycan komandasının idmançıları öz qüvvəsini sınamışdır. Müxtəlif idman növləri (teikvando, cü-do, boks və s.) üzrə keçirilən turnirdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının İdman komandasının hərbi qulluqçusu da iştirak edib. Dünyanın güclü idmançılarının təmsil olunduğu turnirdə hərbi qulluqçumuz əsgər Vətən Hüseynli ümidləri doğruldaraq çətin sınaqdan qalib ayrılıb.
 
  Belə ki, idmanın boks növündə 90 kiloqram çəki dərəcəsində qarşılaşdığı təcrübəli gürcü idmançısını rinqdə üstələməyi bacaran hərbi qulluqçumuz I yeri tutaraq möhtəşəm uğura imza atıb. Adı kimi Vətənin keşiyində mətin dayanan əsgər V.Hüseynli münsiflər tərəfindən medal və diplomla təltif olunub. Yarışı izləyənlər isə bir daha əzəmətli üç rəngli ay-ulduzlu bayrağımızın ən yüksək pillədə dalğalanmasının şahidi olublar.
 
  Qeyd edək ki, Daxili Qoşunların hərbi qulluqçuları beynəlxalq yarışlar zamanı dəfələrlə uğurlu çıxışlar ediblər. Təbii ki, əldə olunan nailiyyətlər Daxili Qoşunlarda idmana, xüsusən peşəkar fəaliyyətlə əlaqədar teikvando, cü-do, boks kimi idman növlərinə olan diqqətin məntiqi nəticəsidir.