May ayının 5-də Daxili Qoşunların Baş İdarəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş təntənəli mərasim keçirilib. 

   Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının professoru, millət vəkili Elman Nəsirov iştirak edib. 

 Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himnini ifa edilib.

 Ümummilli Liderin həyatından bəhs edən filmin nümayişindən sonra çıxış edən millət vəkili E.Nəsirov Heydər Əliyev siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirərək diqqətə çatdırdı ki, bu gün Azərbaycan dövləti müstəqil siyasət həyata keçirir, iqtisadiyyatımız günü-gündən inkişaf edir, ordumuz güclənir: "Bütün bunlara görə hər birimiz Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri olmuş dahi şəxsiyyətə - Heydər Əliyevə borcluyuq". 

 Ulu Öndərin qüdrətli bir siyasətçi olmaqla yanaşı, həm də gözəl insan, sədaqətli dost olduğunu deyən professor E.Nəsirov Heydər Əliyevi siyasətin qrossmeysteri kimi xarakterizə etdi: "Şahmat oyununda olduğu kimi siyasətdə də H.Əliyev hər zaman ağ fiqurlarla oynayırdı. Dahi Öndərin o vaxtkı gedişləri bizim bugünkü uğurlarımızın qarantı idi. Fəxr hissi ilə deyə bilərəm ki, bu gün Ümummilli Liderin ruhu şaddır. Azərbaycan xalqı yaşadıqca, inkişaf etdikcə Heydər Əliyev ideyaları da yaşayacaqdır".  

  Sonra Ali Hərbi Məktəbin kursantları tərəfindən xalqımızın böyük oğlu Heydər Əliyevə həsr olunmuş şer nümunələri səsləndirildi. 

 Tədbirin sonunda Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov çıxış edərək bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin varlığı, qüdrəti hər zaman hiss olunacaq, Daxili Qoşunların hərbi qulluqçuları bundan sonra da Ulu Öndərimizin ideyalarına sadiq qalacaqdır.