Daxili qoşunlar komandanının müavini – Şəxsi heyət üzrə İdarənin rəisi general-mayor Muradov İnqilab Heydər oğlu

 Muradov İnqilab Heydər oğlu, 1967-ci ildə Zərdab rayonunun İsaqbağı kəndində anadan olmuşdur.

1988-ci ildə keçmiş SSRİ Kamışınsk Ali Hərbi İnşaat Komandanlıq Məktəbini, 2006-cı ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kurslarını bitirmişdir.

1988-1992-ci illərdə keçmiş SSRİ Müdafiə Nazirliyinin tərkibində müxtəlif vəzifələrdə, 1994-2018-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında mənzil-istismar xidmətinin rəisi, döyüş hazırlığı bölməsinin rəisi, hərbi hissə komandirinin müavini, hərbi hissə komandiri, Daxili Qoşunların Baş İdarəsində əməliyyat və döyüş hazırlığı İdarəsinin rəisi - qərargah rəisinin müavini vəzifələrində xidmət etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 aprel tarixli Sərəncamı ilə DİN-in Daxili Qoşunlarının qərargah rəisinin 1-ci müavini, 2021-ci il 29 dekabr tarixli  Sərəncamı ilə Daxili qoşunlar komandanının müavini - Şəxsi heyət üzrə İdarənin rəisi vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, mütəşəkkil cinayətkarlığa, terrorçuluğa və digər təhlükəli cinayətlərə qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində, habelə xidməti vəzifələri və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusilə fərqləndiyinə, şücaət və igidlik göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni, 2005-ci il 6 mart tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” və 2020-ci il 11 mart tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalları ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 mart tarixli Sərəncamı ilə “general-mayor” hərbi rütbəsi verilmişdir.

Ailəlidir. Üç övladı var.