Belə qəhrəmanlardan biri də Daxili Qoşunların hərbi qulluqçusu, şəhid kiçik çavuş İlham Murad oğlu Saralidzedir.
Kiçik çavuş İ.Saralidze 1971-ci il dekabr ayının 24-də Özbəkistan Respublikasının Qoşqa Dərya vilayətinin Kitab rayonunda dünyaya göz açmışdır. İlham böyüyüb həddi-buluğa çatan bir vaxtda, Saralidze ailəsi Özbəkistanda baş vermiş məlum Fərqanə hadisələri zamanı on minlərlə ahıskalı kimi ev-eşiklərini tərk edərək, Azərbaycana pənah gətirmişdi. Azərbaycana gələn türklərin bir qismi Yevlağın Aran qəsəbəsində özlərinə sığınacaq tapmışdı. Onların arasında İlhamın ailə üzvləri də vardı. (Ailə üzvləri hazırda Yevlax rayonunun Nemətabad kəndində yaşayır – A.Ə. )

Gənc İlham kolxozda mexanizator işləməklə, maddi sıxıntılar içərisində yaşayan ailəsinə dayaq olmağa çalışırdı. Belə bir vaxtda İlham hərbi xidmətə çağırılır. O, tərəddüd etmədən doğma Vətəni tək sevdiyi Azərbaycanın ordusunda əsgər kimi xidmət etməyə hazır olduğunu bildirir.

Kiçik çavuş İ.Saralidzenin həyat və döyüş yolu barədə 1996-cı ildə Bakıda nəşr olunmuş “Yevlağın şəhid oğulları” adlı kitabda görkəmli xanım jurnalist Arzu İmanovanın müəllifi olduğu “Türk oğlu türkük” başlıqlı məqalədə maraqlı məlumatlar verilmişdir. Müəllif məqaləsində İlhamın 1992-ci ilin mart ayında ordu sıralarına çağırıldığını və Daxili Qoşunların tərkibində heç vaxt görmədiyi, ancaq adını eşitdiyi Qarabağ torpağını qorumağa yollandığını qeyd edir. (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytının “YEVLAX/Şəhidlərimiz” bölməsində İlhamla bağlı hissədə (http://seferberlik.gov.az/rgminfoall/7281.html) onun könüllü olaraq cəbhəyə yollandığı qeyd olunub – A.Ə.). Məqalədə həmçinin igid döyüşçünün Qazançı, Gülyataq, Canyataq, Almədəd, Əlazalı və Ağdam bölgələrində gedən döyüşlərdə yaxından iştirak etdiyi də öz əksini tapıb.
Müəllifin İlhamın atası Murad dayı ilə görüşərək, oğlu ilə bağlı qələmə aldığı xatirələri isə daha təsiredici və qürurvericidir. 

“... Oğlum İlhamı yola salarkən ona ata xeyir-duası verib dedim: Oğul biz Mustafa Kamal Atatürkün övladı, onun davamçısıyıq. Bunu unutma. Bizə türk deyirlər. Türklər isə heç vaxt məhv edilə bilməz. Bu yolda şəhid olmaqdan  qorxma. Döyüş vaxtı qan-qadadan qorxma, oğul. Heç vaxt geri qaçma. Çünki indi geriyə yol yoxdur. Sən türk oğlu türk olduğunu sübut etməlisən!...”.

16 iyun 1993-cü il. Ağdam rayonunun Qalayçılar kəndi uğrunda gedən döyüşlər İlhamın son döyüşü oldu...
Daxili Qoşunların “N” saylı hərbi hissəsinin igid hərbi qulluqçusu kiçik çavuş İlham Saralidze erməni daşnakları ilə gedən qanlı döyüşlər zamanı qəhrəmancasına şəhid oldu. Yevlağın Şəhidlər Xiyabanında dəfn olunan İlham döyüş meydanında əsl türk oğlu türk olduğunu sübut etdi...   

İlhamın döyüşçü dostları bu gün də onun qəhrəmanlığından danışır.
Onunla vaxtı ilə çiyin-çiyinə döyüşən və o dövrdə sürücü - sanitar təlimatçı əsgər kimi xidmət edən mayor Gülağa Meybiyev igid döyüşçü haqqında xatirələrini bizimlə bölüşərkən, bunları dedi:
“İlhamı yaxşı tanıyıram. Aradan xeyli müddət  keçməsinə baxmayaraq, onunla bağlı xatirələr yadıma düşəndə qəlbim göynəyir. Mərd, qorxmaz oğlan idi.

Hərdən bir oturub söhbət edəndə o, mənə boya-başa çatdığı Özbəkistanda keçən uşaqlıq xatirələrindən danışardı. “Kaş o yerləri bir də görə bilərdim” deyirdi. Mən isə həmişə görmək arzusunda olduğum Qarabağın dilbər guşəsi olan Şuşanın füsunkar təbiəti haqqında ona danışardım. Mən onu Şuşaya, o isə məni Özbəkistana aparacağı barədə bir-birimizə söz də vermişdik. Lakin mənfur düşmənin gülləsi İlhamı tez ayırdı bizdən...
Şəhid olacağını sanki hiss etmişdi. Bəzən yarı zarafat, yarı gerçək “Gülağa, şəhid olsam, mənim cənazəmi valideynlərimə sən təhfil verərsən” – deyərdi.

Mən isə ona; “Nə danışırsan? Şəhid olmaq nədir, biz səninlə Şuşaya, Özbəkistana gedəcəyik”- deyərdim. Bundan sonra İlhamın “qırışı” açılardı və hər ikimiz gülərdik...”.
Məlum həqiqətdir ki, hazırda Azərbaycanın torpaqlarımızı işğaldan azad etməyə qadir olan çox güclü ordusu var. Silahlı Qüvvələrimizin, o cümlədən də Daxili Qoşunların sıralarında İlham kimi cəsur hərbi qulluqçularımız bu gün də mövcuddur. Onlar şəhidlərimizin intiqamını qaniçən erməni faşistlərindən almağa, torpaqlarımızı azad etməyə hər an hazırdırlar.