Azərbaycan tarixinin şanlı səhifələrindən biri də, gələcək nəsillərə örnək olan Vətənin igid oğullarının  respublikamızın ərazi bütövlüyü uğrunda keçdiyi döyüş yoludur. Adlarını qanları ilə hərb tariximizin qəhrəmanlıq salnaməsinə yazan bu oğulları gələcək nəsillərə tanıtmaq hər birimizin vətənpərvərlik borcudur.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunları da yarandığı gündən hüquq-mühafizə orqanları ilə birgə respublikamızın daxili sabitliyinin mətin keşikçisi olmaqla yanaşı, həm də respublikamızın ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda da fəal iştirak etmiş və zəngin döyüş yolu keçmişdir. Bu döyüşlər zamanı qoşunların hərbi qulluqçularından 510 nəfər şəhid olmuş, 268 nəfər itkin düşmüş, 1166 nəfəri isə yaralanmışdır.     

Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Vətənin qəhrəman övladlarından biri də Daxili Qoşunların şəhid hərbi qulluqçusu, çavuş Faiq Məmmədəli oğlu Abdurəhimovdur.

Çavuş F.Abdurəhimov 01 may 1971-ci ildə Şəki rayonunun Aşağı Göynük kəndində dünyaya göz açıb. O, 1987-ci ildə onillik təhsilini başa vurduqdan sonra, Şəki məişət xidməti texnikumuna daxil olmuşdur. Tərcümeyi-halı ilə tanış olarkən məlum olur ki, Faiqin elm və təhsilə böyük marağı olmuşdur. Belə ki, Sovet Ordusu sıralarından təxris olunduqdan sonra, onun Bakı baza energetika texnikumuna da daxil olması bu fikri deməyə əsas verir.
Faiqin energetika ixtisasını seçməsi və bu sahə üzrə dərin biliklərə yiyələnmək üçün bu təhsil ocağına üz tutması, bəlkə də heç təsadüfi olmamışdır. Görünür onun bu peşəyə olan sevgisi, daxilindən qaynaqlanan Vətənini, el-obasını həmişə “nur içində” görmək arzusunun təzahürü idi...

Sentyabr, 1992-ci il. Faiq həvəslə oxuduğu təhsil ocağının ikinci kursuna yenicə qədəm qoymuşdur. Lakin onun nur icində görmək istədiyi Vətəninin səmasında qara buludlar dolaşmaqda idi. Qarabağdan gələn qara xəbərlərin ardı-arası kəsilmirdi. Xocalını, Şuşanı və Laçını işğal edən erməni faşistləri, indi də digər yurd yerlərimizi zəbt etməyə can atırdı. Neçə-neçə yurd yerimiz viran edilir, soydaşlarımız dədə-baba torpaqlarından qovularaq, qaçqın və məcburi köçkünə çevrilirdi.

Faiq Vətənin bu ağır günündə təhsilini yarımçıq qoyub, könüllü olaraq cəbhəyə getməyə qərar verir. Bir vaxtlar Sovet Ordusunda qulluq edən Faiq, indi də torpaqlarımızın müdafiəsi uğrunda yenidən əsgər libasını geyinərək, Daxili Qoşunların döyüşçüsü kimi Vətəninə şərəflə xidmət etməyə başlayır. Çavuş F.Abdurəhimov tezliklə qoşunların 25032 saylı hərbi hissəsinin tərkibində qızğın döyüşlərin getdiyi Zəngilan rayonuna ezam olunur.
1998-ci ildə Bakıda “Hüquq ədəbiyyatı” nəşriyyatında çap olunan “Şəki qartalları” adlı kitabda yer alan “Qeyrətli oğul” başlıqlı məqalədə F.Abdurəhimovun yaşadığı şərəfli həyat və döyüş yolu barədə maraqlı məlumatlar verilmişdir.  

“Zəngilan bölgəsində qızğın döyüşlər gedirdi. Düşmən bütün qüvvəsini cəmləşdirib rayonu ələ keçirməyə çalışırdı. Faiqin xidmət etdiyi bölgə gah bu, gah da digər kəndi müdafiə edirdi. O, Zəngilan rayonunun Şayıflı, Qazançı, Şükrətaz kəndlərinin düşməndən müdafiəsində xüsusi fəallıq göstərmişdi. Odur ki, kənd sakinlərinin ona xüsusi hörməti var idi.

Bir dəfə döyüş vaxtı Faiq mühasirəyə düşmüşdü. Artıq onu ölmüş bilən döyüş dostları və kənd sakinləri göz yaşlarını saxlaya bilmirdilər. Lakin bu cəsur əsgər düşmənlə qeyri bərabər döyüşdə təkbaşına qalib gələrək, mühasirədən çıxıb geri qayıtmışdı. Bir az əvvəl onun yoxluğundan təəssüflənib göz yaşı tökənlər indi də sevincdən ağlayırdılar. Faiq sevilməli oğul idi. O, təkcə düşmənlə döyüşmürdü. Döyüş vaxtı da həmişə ətrafındakılara qarşı diqqətli olurdu. O, neçə-neçə yaralı əsgəri döyüş meydanından çiynində çıxarıb, həyata qaytarmışdı”.
Kitabda həmçinin çavuş F.Abdurəhimovun sonralar Füzuli rayonunun müdafiəsi uğrunda aparılan hərbi əməliyyatlarda da inamla döyüşdüyü qeyd olunmuşdur. O, Füzuli rayonunun Horadiz, Əhmədbəyli kəndlərinin müdafiəsində də igidlik göstərmişdi. Faiq Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə əsil sərkərdə kimi vuruşurdu.

27 yanvar 1994-cü il. Çavuş F.Abdurəhimovun son döyüş günü... Füzuli rayonunun Horadiz yaşayış məntəqəsinin müdafiəsi zamanı cəsur döyüşçü mərmi zərbəsindən aldığı yaradan gözlərini əbədi yumur...
Çavuş F.Abdurəhimov doğma Şəki rayonunun Aşağı Göynük kəndində dəfn olunub.