Sıravi Əlvan Ramazan oğlu Bağırov 1973-cü il sentyabrın 4-də Masallı rayonunun qədim yaşayış məntəqələrindən biri olan Ərkivan kəndində (2008-ci ildən qəsəbədir - A.Ə.) anadan olub. Orta təhsilini doğma Ərkivan qəsəbəsindəki C.Cabbarlı adına orta məktəbdə alıb. Təhsilini başa vuran Əlvan 1992-ci il may ayının 4-də Masallı RHK tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Artıq bu o zaman idi ki, erməni faşistləri bəşər tarixində misli-bərabəri görünməyən bir vəhşiliyə - günahsız, əliyalın dinc əhaliyə qarşı soyqırım törətmişdilər. Məhz buna görə də Vətənin Əlvan kimi qeyrətli oğulları ordu sıralarına böyük həvəslə və düşmənə olan sonsuz nifrət hissləri ilə gəlirdilər.  

Ə.Bağırov Vətənə olan müqəddəs borcunu Daxili Qoşunların 67987 saylı hərbi hissəsinin tərkibində sıravi hərbi qulluqçu olaraq yerinə yetirməyə başlayıb. Xidməti dövründə xarakterindəki döyüşçüyə xas mərdliyi və cəsarəti ilə fərqlənən Əlvan, eyni zamanda xoş xasiyyəti, mülayim davranışı və rəftarı ilə tez bir zamanda silahdaşlarının dərin hörmətini qazanmışdır.

Əlvanın döyüşçü dostları bu gün də onun qəhrəmanlığından böyük həvəslə söhbət açırlar. Onunla vaxtı ilə bir səngərdə çiyin-çiyinə döyüşən və o dövrdə sıravi hərbi qulluqçu kimi xidmət edən baş leytenant Bəxtiyar Əliyev (hazırda 25031 saylı hərbi hissədə zabitdir - A.Ə.) igid döyüşçü haqqında xatirələrini bizimlə bölüşərkən bunları dedi:  
“1992-ci ilin sentyabrın 24-də Ağdam cəbhəsində şiddətli döyüşlər gedirdi. Mayor Məhəmməd Hacıyevin (hazırda polkovnik rütbəsində DQBİ-də Hərbi Şuranın katibidir - A.Ə.) rəhbərlik etdiyi tabor da Ağdamın Yeddi Xırman deyilən yüksəkliyində yerləşən postlarda gecə-gündüz, ayıq-sayıq xidmət aparırdı. Biz dörd yoldaş - əsgərlər Allahverdi Allahverdiyev, Vəfadar Nəzərov, Əlvan Bağırov və mən bir postda döyüş növbəsi çəkirdik. Qeyd etdiyim yoldaşlarımın arasında öz istiqanlılığı və mülayimliyilə seçilən Əlvan, eyni zamanda cəsarəti və qorxmazlığı ilə də kollektiv arasında dərin hörmət qazanmışdı.

Günün ikinci yarısında Fərrux dağına təşkil olunmuş hücuma kömək məqsədilə  taborun şəxsi heyətinin bir qismi ayrılmalı oldu. Təyin olunmuş sayda şəxsi heyət Cinli kəndinə yollanarkən aramızdan bir nəfərin səhhətinin pisləşməsi haqda tabor komandirinə məlumat verildi. Bu zaman əsgər Ə.Bağırov tabor komandirinə yaxınlaşaraq öz şirin ləhcəsi ilə: “komandir, icazə verin, o şərəfsizlərin bir neçəsini də mən məhv edim”- deyə müraciət etdi. Mayor M.Hacıyev hər postdan iki nəfərin ayrıldığını Əlvana bildirdi. Buna baxmayaraq, Əlvan bizimlə getməsi üçün komandirdən dayanmadan xahiş edirdi. Komandir bu təkidi görüb, onun da bizimlə getməsinə razılıq verdi.  
Bir gün dincəldikdən sonra Fərrux dağına hücum məqsədilə yola düşdük. Artıq gecə yarıdan keçmişdi ki, biz təyin olunmuş yerə çatdıq. Bizimlə erməni postlarının arası 100-150 metr olardı. Tabor komandirinin göstərişinə əsasən, şəxsi heyət arasında tam səssizlik yaranmışdı. Az keçməmiş bir erməni əsgərinin bizə tərəf endiyini gördük. Əlvan bunu görcək, komandirdən onun məhv edilməsini xahiş etdi. Komandir isə onların cəm şəkildə məhv edilməsi üçün gözləməyi məsləhət bildi. Çünki onlar atəş səslərini eşidərək duyuq düşə bilərdilər. Erməni əsgəri bir qədər dayandıqdan sonra öz postuna qayıtdı. 15-20 dəqiqə keçdikdən sonra mayor M.Hacıyevin “hamısını məhv etmək lazımdır” - deməsi  biz cuşa gətirdi. Erməni quldurları bizim əsgərlərin qarşısında tab gətirə bilməyib, 6 nəfər itki verərək geri çəkildilər.

Artıq dan yeri sökülürdü. Əldə etdiyimiz postlardan Fərrux adlanan kənd açıq-aydın görünürdü. Erməni quldurları yenidən toparlanaraq 2 ədəd BMP,  1 ədəd tank və böyük sayda şəxsi heyətlə üzərimizə hücuma keçdilər. Hərbçilərimizin bir neçə cəhdindən sonra düşmənin 1 ədəd BMP-si və bir-neçə sayda canlı qüvvəsi məhv edildi”.
Baş leytenant B.Əliyevin bu fikirlərindən də görmək olar ki, Əlvan şiddətli döyüşlərin getdiyi ən ağır  günlərdə belə yoldaşlarından bir an da ayrı qalmayıb. Bu döyüşdə yaralanması və sağalaraq yenidən ön cəbhəyə qayıtması məhz onun əsl vətənpərvər döyüşçü olmasını təsdiqləyir. Əlvanla birgə yaralandığı anı Bəxtiyar yaxşı xatırlayır:
“Fərrux döyüşündəki bu məğlubiyyətlə barışmaq istəməyən erməni quldurları daim bizi iri çaplı silahlardan, qumbaraatanlardan və minaatanlardan atəşə tuturdular. Döyüş zamanı əsgər yoldaşlarımızdan biri Allahverdi Allahverdiyev qarın nahiyəsindən güllə yarası aldı. Bu zaman komandir Əlvana yaralını aşağıya salmağı əmr etdi. Çox keçmədi ki, Ə.Bağırovu yenidən öz səngərimizdə gördüm. Ermənilər bir dəfə səngərimizin sağ, bir dəfə də sol tərəfinə qumbaraatanla atəş açdılar. Vəziyyəti belə görən komandirimiz göstəriş verdi ki, səngəri tərk edib başqa bir yerdə mövqe tutaq. Çünki, növbəti hədəf biz ola bilərdik. Yerimizi dəyişərkən mən, Əlvan və digər silahdaşımız Teymur Əliyev düşmənin atdığı qumbaraatandan qəlpə yarası aldıq. Yaralı əsgərlərimiz, o cümlədən Əlvan və mən Ağdamın Qaradağlı kəndində yerləşən hospitala yerləşdirildik. Bir gündən sonra bizi Qaradağ rayonunun Ələt qəsəbəsindəki hərbi hospitala gətirdilər”.

Baş leytenant B.Əliyev Əlvanla hospitalda müalicə olunduğu və keçirdiyi günlərdə də onun şən zarafatlarından qalmadığını, həmçinin cəbhə üçün darıxdığını deyir:
“Əlvan 25 gün müalicə aldıqdan sonra dərhal sənədlərini götürüb yenidən cəbhəyə - ön mövqeyə qayıtdı. Ondan 20 gün sonra isə mən də sağalıb cəbhəyə qayıtdım. Görüşüb, birgə söhbət etdik. Yenidən bir yerdə olduğumuza çox sevinirdik. Hər dəfə o deyirdi ki, döyüşlərdə qələbə çalmadan geri dönməyəcəyəm. O, buna çox inanırdı... Lakin namərd gülləsi onu tez ayırdı bizdən...”.   

19 yanvar 1993-cü il. Fərrux yüksəkliyi uğrunda gedən əməliyyat sıravi Ə.Bağırovun son döyüşü oldu... Bu döyüşdə ağır qəlpə yarası alan Əlvan gözlərini əbədi yumaraq şəhidlik zirvəsinə yüksəldi. İgid döyüşçünün məzarı dünyaya göz açdığı doğma Ərkivan qəsəbəsindədir.   

Məlumat üçün qeyd edim ki, şəhid Ə.Bağırovun həyat və döyüş yolundan bəhs edən məlumatlara görkəmli ziyalılarımızdan olan Novruz Novruzovun 1994-cü ildə Bakıda “Azərbaycan” nəşriyyatında çap olunmuş “Masallının şəhidləri” və xanım jurnalist Tamilla Əliyevanın 1998-ci ildə “Araz” nəşriyyatında işıq üzü görən “Qoy anam ağlamasın...” adlı kitablarında rast gəlmək olar.    
Ərkivan qəsəbəsindəki 4 saylı orta məktəb hazırda Daxili Qoşunların şəhid hərbi qulluqçusu, sıravi Əlvan Bağırovun adını daşıyır.