Zaman-zaman erməni daşnaklarının torpaqlarımıza təcavüzü nəticəsində neçə-neçə qədim yurd yerlərimiz dağıdılıb viran edilmiş, günahsız həmvətənlərimiz soyqırıma məruz qalmışdır. Amansız düşmənin qanlı pəncəsindən yaxasını qurtarmağa çalışan yüzminlərlə soydaşımız isə öz dədə-baba torpaqlarını tərk edərək qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum edilmişdir.

Lakin təcavüzkar düşmənin qarşısında sipər olan xalqımızın qəhrəman oğulları erməni faşistlərinin müqəddəs torpaqlarımıza uzanan və günahsız insanların qanına batan əllərini kəsməklə, onların arzularını gözlərində qoymuşlar.

Daxili Qoşunların döyüş yoluna nəzər saldıqda görürük ki, respublikamızın ərazi bütövlüyü uğrunda yüzlərlə hərbi qulluqçumuz son damla qanınadək vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişdir. Öz qəhrəmanlıqları ilə əbədi ölümsüzlük qazanan bu oğullar döyüş meydanlarında neçə-neçə erməni cəlladlarını cəhənnəmə vasil etməklə, düşməni ağır məğlubiyyətə uğratmışlar.

Vətənin azadlığı və suverenliyi uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksələn qəhrəman oğullarımızdan biri də sıravi Məhərrəmov Ceyhun Məhərrəm oğludur.

Sıravi C.Məhərrəmov 1973-cü il oktyabrın 28-də Biləsuvar rayonunun Xırmandalı kəndində, kolxozçu ailəsində dünyaya göz açıb. Orta təhsilini böyüyüb boya-başa çatdığı Xırmandalı kənd orta məktəbində alıb. Kim bilir, Ceyhun nə vaxtsa, orta təhsilini başa vurduqdan sonra hansı peşənin sahibi olmağı düşünmüşdü...
Lakin illər arxada qalmışdı. İndi vəziyyət tamamilə başqa idi.

1992-ci martın 5-i tarixini Ceyhunu şəhidlik zirvəsinə aparan yolun başlanğıcı kimi də qiymətləndirmək olar.
Vətənin səmasında qara buludlar dolaşır, Qarabağdan gələn qara xəbərlərin ardı-arası kəsilmirdi. Erməni yaraqlılarının Xocalı şəhərində azərbaycanlılara qarşı törətdikləri və bəşər tarixində misli-bərabəri görünməmiş qanlı soyqırım aktından artıq bir həftə keçirdi...

Soydaşlarımızın başına gətirilən bu müsibətlər digər eloğluları kimi, Ceyhunu da rahat buraxmırdı. Bütün fikri-düşüncəsi döyüşlərdə, torpaqlarımızın müdafiəsinə, həmvətənlərimizin ağır günündə onların dadına yetişməkdə idi.

Məhs bu tarixdə - martın 5-də Ceyhun Biləsuvar Rayon Hərbi Komissarlığı tərəfindən ordu sıralarına çağırılır. Təcavüzkar düşməndən günahsız soydaşlarımızın intiqamını almaq əhval-ruhiyyəsi ilə alışıbyanan eloğlumuz rayon komissarlığına gəlir. 

Bir qədər sonra sıravi C.Məhərrəmov, cəbhənin ən qaynar nöqtəsində - Zəngilan rayonunun müdafiəsində dayanan Daxili Qoşunların “N” saylı hərbi hissəsində sürücü-əsgər kimi xidmətə başlayır. Doğma Vətəninə ləyaqətlə xidmət edən Ceyhun Daxili Qoşunların qəhrəman oğulları ilə birgə Zəngilan rayonu uğrunda gedən döyüşlərə atılır. Həmin ərəfədə çox qızğın döyüşlər gedirdi. Düşmən irəliləmək məqsədilə bütün qüvvələrini bu istiqamətə cəmləyərək, sanki bir məqam gözləyirdi. Lakin Ceyhun kimi Vətəninə bağlı, onun hər qarışı üçün canından keçməyə hazır olan igidlərimizin sayəsində, düşmən Zəngilan cəbhəsində məqsədə nail ola bilmədi. Əksinə, xeyli canlı qüvvə itirərək geri çəkilmək məcburiyyətində qaldı. Əfsuslar ki, sonralar “qara qüvvələr”in xəyanətləri nəticəsində gözlənilənlərin əksi oldu.

24 iyun 1992-ci ildə Zəngilan rayonunun Qazançı kəndi uğrunda gedən qanlı döyüş Ceyhun Məhərrəmovun son döyüşü oldu.

Xırmandalı kəndindən başlanan igid döyüşçünün ömür yolu, Qazançı kəndində düşmən gülləsinə tuş gəlməklə sona çatdı...

Şəhidin həyat və döyüş yolundan bəhs edən yazılara Zəngilanın görkəmli ziyalılarından olan Akif Kərimlinin müəllifi olduğu və 1994-cü ildə Bakıda nəşr olunan “Zəngilan şəhidləri” adlı kitabında da rast gəlmək olar. Müəllif igid döyüşçüyə həsr etdiyi “İnsanların qəlbindəsən” başlıqlı məqaləsində gənc Ceyhunun yarımçıq qalmış ömür yolunu ürək ağrısı ilə qeyd edir: “... Bu gün acı da olsa, ruhuna rəhmət və rahatlıq dilədiyimiz insanlardan biri də sənsən, Ceyhun! Sən həm biləsuvarlıların, həm də zəngilanlıların şəhid, igid oğlusan. Sən Azərbaycanın qəhrəmanısan. Allah sənə rəhmət eləsin!

Sən 19 yaşın tamamlanmamış şəhid oldun. Zaman gələcək, sənin igidliyindən danışacaqlar. Çoxları bilməyəcək ki, sən cəmisi 18 il neçə aysa yaşamısan bu dünyada...”
Şəhid Ceyhun Məhərrəmovun adının əbədiləşdirilməsi məqsədilə, vaxtı ilə təhsil aldığı Xırmandalı kənd orta məktəbinə igid döyüşçümüzün adı verilmişdir.

Ceyhun kimi igid, qəhrəman oğullarımız bu gün də var. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, o cümlədən Daxili Qoşunların sıralarında xidmət edən hər bir hərbi qulluqçu torpaqlarımızı düşmən tapdağından azad etməyə həmişə hazırdır. Qarabağ üzərində suveren hüququmuzu bərpa edəcəyimiz günün – qələbə çalacağımız günün uzaqda olmadığına hər bir Azərbaycan vətəndaşı inanır. Bu inam, Azərbaycan əsgərinə daha çox güc verir, döyüş ruhunu yüksəldir.