Gizir Göyüş Qarayev 15 dekabr 1970-ci ildə Bərdə rayonunun Mustafaağalı kəndində dünyaya göz açıb.

Göyüş Daxili Qoşunların igid hərbi qulluqçusu kimi torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə cəsarətlə vuruşaraq, neçə-neçə erməni cəlladlarının məkrli arzularını gözlərində qoymuşdur. 1994-cü ilin yanvar ayından etibarən Füzuli istiqamətində gedən döyüşlərdə ağır məğlubiyyətə düçar olan düşmən, Göyüş kimi döyüşçülərimizin zərbələrinə tab gətirməyərək geri çəkilməyə başlamışdır. 26 yanvar 1994-cü il tarixdə Füzuli rayonu uğrunda gedən qanlı döyüşlər isə gizir G.Qarayevin son döyüşü oldu. Bu döyüşdə ağır yara alan gizir G.Qarayev gözlərini əbədi yumaraq, şəhidlik zirvəsinə yüksəldi.

Cəsur döyüşçünün şərəfli ömür və zəngin döyüş yolundan bəhs edən yazılara həmçinin görkəmli ziyalımız, yazıçı-publisist Mircəfər Seyidovun müəllifi olduğu və 2005-ci ildə Bakıda nəşr olunan “Bərdə şəhidləri” kitabında da rast gəlmək olar. 
Gizir Göyüş Qarayev Vətənimizin ərazi bütövlüyü uğrunda hərbi borcunu və xidməti vəzifələrini ləyaqətlə yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidentinin 6 may 2005-ci il tarixli sərancamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə (ölümündən sonra) təltif edilmişdir. Badamdar qəsəbəsinin küçələrindən birinə şəhid G.Qarayevin adı verilmiş, yaşadığı binaya isə onun baralyefi vurulmuşdur. Bir zamanlar təhsil aldığı Bərdə rayonu Mustafaağalı kənd orta məktəbi də qəhrəman döyüşçünün adını daşıyır.