Daxili İşlər Nazirliyinin Daxili Qoşunları həmçinin dövlət əhəmiyyətli  tədbirlərdə, habelə beynəlxalq yarışlarda daxili işlər orqanlarının müvafiq qurumları ilə yanaşı, ictimai asayişin mühafizəsi və ictimai təhlükəsizliyin qorunmasının təmin olunmasında fəal iştirak etmişdir.

2012-ci ilin may ayında Bakı şəhərində “Eurovision-2012” mahnı müsabiqəsinin  keçirilməsi ilə əlaqədar tədbirlər planı hazırlanmış və Daxili Qoşunların şəxsi heyəti tərəfindən müsabiqənin keçirildiyi ərazinin 12 sahə üzrə mühafizəsinin təmin edilməsi məqsədilə xidmətin aparılması təşkil olunmuşdur.

Xidmətin aparılması zamanı şəxsi heyət tərəfindən polis əməkdaşları ilə birgə tədbirin keçirildiyi ərazilərdə ictimai asayişin  mühafizəsi və ictimai təhlükəsizliyin qorunması təmin edilmiş, eləcə də hər hansı neqativ hadisənin baş verməməsi üçün qabaqlayıcı tədbirlər görülmüşdür.

2012-ci ilin sentyabr-oktyabr aylarında Azərbaycan Respublikasında keçirlmiş   17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya  çempionatı zamanı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunması ilə bağlı tədbirlərdə polis əməkdaşları ilə birgə Daxili Qoşunların şəxsi heyəti cəlb olunmuşdur. Xidmətin aparılması zamanı qarşıya qoyulan vəzifənin mahiyyətini böyük məsuliyyət hissi ilə dərk edən şəxsi heyət polis əməkdaşları ilə birgə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunmasında fəal iştirak etmiş və xidməti-döyüş tapşırıqlarının öhdəsindən yüksək peşəkarlıqla gələrək tədbirin təhlükəsizliyini təmin etmişlər.  

Ümumiyyətlə, bu illər ərzində şəxsi heyət Bakı, Gəncə, Naxçıvan, Lənkəran və Zaqatala şəhərlərində, habelə Qəbələ, Balakən və Yardımlı rayonlarında keçirilən futbol oyunları, konsert, kütləvi və digər mühüm tədbirlərin keçirilməsinə cəlb olunmaqla ictimai asayişin mühafizəsini layiqincə təmin etmişdir.

 Bu il iyunun 13-dən 15-dək Bakıda keçiriləcək Bədii gimnastika üzrə Avropa çempionatında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə tədbirə cəlb olunacaq şəxsi heyətin hazırlığı artıq başa çatdırılmış, geyim nümunələri seçilmiş və digər zəruri məsələlər öz həllini tapmışdır.

2015-ci ilin iyununda Azərbaycanda keçirilməsi planlaşdırılan ilk Avropa Oyunları zamanı asayişin qorunub saxlanılması məqsədilə Daxili Qoşunların şəxsi heyətinində cəlb olunması nəzərdə tutulmuşdur hazırlığı istiqamətində bir sıra tədbirlər davam etdirilməkdədir.