Daxili Qoşunlar beynəlxalq əlaqələr çərçivəsində

 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının müasir tələblərə cavab verən bir təşkilata çevrilməsi, hərbi qulluqçuların bilik və bacarıqlarının təkmilləşdirilməsi, təlim-tədris işinin müasir standartlara uyğunlaşdırılması, həmçinin beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə bir çox xarici ölkələrin  müvafiq qurumları, eləcə də beynəlxalq təşkilatlarla işgüzar əməkdaşlıq münasibətləri mövcuddur.

Daxili Qoşunlar Komandanlığı beynəlxalq əlaqələr çərçivəsində Türkiyə Jandarm Təşkilatı ilə əməkdaşlığa daha çox önəm verir.

Türkiyə Respublikası Höküməti ilə Azərbaycan Respublikası Höküməti arasında 1997-ci ilin 31 oktyabr tarixində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinin şəxsi heyətinə Türkiyə Jandarm İdarəsi tərəfindən ediləcək təlim-təhsil və təchizat yardımına aid Protokol” imzalanmış və bununla da Daxili Qoşunlarla Jandarm Baş Komandanlığı arasında qarşılıqlı hərbi əməkdaşlıq münasibətlərinin hüquqi əsası qoyulmuşdur. Müvafiq Protokola əsasən, Daxili Qoşunlarda təlim-tədris prosesinin təkmilləşdirilməsi və Qoşunların hərbi qulluqçularının Türkiyə Respublikasının Jandarm Baş Komandanlığında müxtəlif mövzularda təlim kurslarına göndərilmələri istiqamətlərində intensiv işlər aparılmışdır.   

1997-2013-cü illər ərzində Daxili Qoşunların 400 nəfərdən çox hərbi qulluqçusu  Türkiyə Respublikası Jandarm Baş  Komandanlığının, eləcə də Silahlı Qüvvələrinin təlim-tədris mərkəzlərində kurslarda və akademik təhsil proqramlarında iştirak etmişlər.

Bununla yanaşı, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Fransa Milli Jandarmeriyası, İtaliya Karabinerlər Korpusu, Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Belarus Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Çin Xalq Respublikasının Silahlı Milis Qüvvələri və digər ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq münasibətləri mövcuddur.

Azərbaycan Respublikasının 1994-cü ildə  NATO-nun «Sülh Naminə Tərəfdaşlıq» (SNT) Proqramına, 1996-cı ildə Planlaşdırma və  Analiz Prosesinə və 2005-ci ildə Fərdi Tərəfdaşlıq Əməliyyat Planı Proqramına qoşulması ilə qabaqcıl təcrübənin öyrənilməsi, NATO-ya üzv və tərəfdaş  ölkələrin  müvafiq qurumları ilə səmərəli əməkdaşlıq münasibətlərinin qurulması istiqamətində geniş imkanlar yarandı.

DİN-in Daxili Qoşunlarının müasir standartlara cavab verən təşkilata çevrilməsi və hərbi qulluqçuların təlim-tədrisinin daha da modernləşdirilməsi məqsədilə NATO-nun Planlaşdırma və Analiz Prosesi və Fərdi Tərəfdaşlıq Əməliyyat Planı Proqramı çərçivəsində 7 tərəfdaşlıq məqsədi götürülmüşdür.

DİN-in Daxili Qoşunları 2008-ci ilin sonlarında NATO-nun Əməliyyat İmkanları Konsepsiyası proqramına (ƏİK) qoşulmuşdur. DİN-in Daxili Qoşunlarının nəzdində ƏİK standartlarına cavab verən bir bölüyün yaradılması və qiymətləndirilməsi planlaşdırılır.

NATO ilə əməkdaşlıq çərçivəsində yuxarıda qeyd olunmuş proqramlar üzrə tədbirləri yerinə yetirmək üçün NATO-nun Beynəlxalq Qərargahına mənsub ekspertlərlə dəfələrlə görüşlər keçirilmiş və Daxili Qoşunların onlarla hərbi qulluqçusu Almaniya, Macarıstan, Sloveniya, Avstriya, Makedoniya, Finlandiya, Türkiyə və Çexiyada müxtəlif istiqamətlərdə keçirilən təlim kurslarına göndərilmişdir.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Bakı Ofisi ilə (ATƏT) səmərəli əməkdaşlıq münasibətləri mövcuddur. Son illərdə hərbi qulluqçular polis əməkdaşları ilə birlikdə Azərbaycanda, Almaniyada, Macarıstanda və Türkiyədə “Kütləvi tədbirlərin idarə olunması”, “Hüquqi dövlətdə polisin vəzifələri”, “Təlimçilərin təlimi” və s. mövzular üzrə kurs və seminarlarda iştirak etmişdir. 

DİN-in Daxili Qoşunlarının hərbi qulluqçuları polis əməkdaşları ilə birlikdə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin təşəbbüsü ilə mütəmadi olaraq keçirilən “Beynəlxalq insan haqları hüququ“ və “Beynəlxalq Humanitar Hüquq“ mövzularında kurs və seminarlarda iştirak edirlər.

Regional əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə önəm verən Daxili İşlər Nazirliyinin Daxili Qoşunları 2011-ci ilin əvvəllərindən başlayaraq Türkiyə Respublikası Jandarm Baş Komandanlığının təklifinə əsasən, Orta Asiya və Qafqaz dövlətlərinin hərbi statuslu hüquq-mühafizə qurumlarının təmsil olunduğu müvafiq təşkilatın yaradılması ilə bağlı keçirilən bütün tədbirlərdə fəal iştirak etmişdir.

              

 

Azərbaycan Respublikası, Qırğızıstan Respublikası, Monqolustan və Türkiyə Respublikasının daxil olduğu Avrasiya Hərbi Statuslu Hüquq-mühafizə Qurumları Assosiasiyasının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması ilə əlaqədar olaraq, 2013-cü ilin 25 yanvar tarixində Bakı şəhərində Komandanların Şura İclası keçirilmişdir.

Mövcud beynəlxalq müqavilələr və üzv ölkələrin milli qanunvericiliklərinə müvafiq olaraq, Assosiasiya əməliyyat və təşkilat işləri, cinayətkarlığa qarşı mübarizə, kadr hazırlığı və təlim sahəsində əməkdaşlıq, təchizat, texnologiya, tədqiqat və inkişaf sahələri üzrə informasiya və təcrübə mübadiləsi aparmağı qəbul edir.

            
            

 

 Türkiyə Respublikası Jandarm Baş Komandanlığına mənsub nümayəndə heyətinin Daxili Qoşunlara səfəri 

 "Şəxsi heyətin yüksək döyüş hazırlığına malik olması son illərdə Daxili Qoşunlarda həyata keçirilən sürətli inkişafın məntiqi nəticəsidir".

Bu fikirləri Daxili Qoşunlarda səfərdə olmuş Türkiyə Jandarm Baş Komandanlığının nümayəndə heyətinin rəhbəri polkovnik İbrahim Enver Sunqur söyləmişdir.

İyunun 10-da Türkiyə Respublikası Jandarm Baş Komandanlığına mənsub nümayəndə heyəti Daxili Qoşunlarda səfərdə olmuşdur. Polkovnik İbrahim Enver Sunqurun rəhbərlik etdiyi nümayəndə heyəti (polkovnik Ünsal Bulut, polkovnik Şemsiddin Çetin, polkovnik Serdar Güngör, polkovnik Ali Türk) səfərin birinci günü Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının unudulmaz xatirəsini yad etmiş, “Əbədi məşəl” kompleksi önünə gül dəstələri qoymuşlar.

Sonra torpaqlarımızın azadlığı uğrunda Daxili Qoşunların şəhid olmuş hərbi qulluqçularının "Qardaşlıq məzarı" önünə gül dəstələri düzülmüş, türk şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksi də ziyarət olunmuşdur.

Həmin gün Daxili Qoşunların Baş İdarəsində türkiyəli zabitləri Daxili Qoşunlar Komandanının 1-ci müavini - Qərargah rəisi general-mayor Şirin Xəlilov qəbul etmişdir. Nümayəndə heyətini səmimi salamlayan general-mayor Ş.Xəlilov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Türkiyə Respublikası Jandarm Baş Komandanlığı arasında günü-gündən inkişaf edən əməkdaşlıq münasibətlərindən danışaraq, bu günədək yüzlərlə hərbi qulluqçunun Jandarm Baş Komandanlığının təlim-tədris mərkəzlərində müxtəlif təkmilləşmə kursları keçdiklərini bildirmişdir. O, Daxili Qoşunlar və Jandarm təşkilat arasında daim genişlənməkdə olan əlaqələrin iki qardaş ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etməsinə böyük töhfələr verdiyini qeyd etmişdir.

Polkovnik İ.Enver Sunqur səmimi və qonaqpərvər qəbul üçün təşəkkürünü bildirmiş, Azərbaycan Respublikasına səfərdən məmnun olduqlarını diqqətə çatdırmışdır. Hörmətli qonaq iki qurum arasında əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsindən məmnunluğunu ifadə etmişdir.

Sonra Daxili Qoşunların yaranma tarixi, strukturu, normativ-hüquqi bazası, təlim-tədrisin, təchizatın vəziyyəti və beynəlxalq əlaqələri barədə geniş məzmunlu brifinq verilmişdir.

Qeyd edək ki, nümayəndə heyəti 3 günlük səfər çərçivəsində Daxili Qoşunların Ali Hərbi Məktəbinə və bir sıra hərbi hissələrinə baş çəkmiş, xidmət sahələri ilə tanış olmuş, xüsusi-taktiki təlimləri izləmişlər. Polkovnik İ.E.Sunqur şəxsi heyətin yüksək döyüş hazırlığına malik olmasını son illərdə Daxili Qoşunlarda həyata keçirilən sürətli inkişafın məntiqi nəticəsi kimi dəyərləndirmişdir.