LAÇINDAN BAŞLANAN DÖYÜŞ YOLU...

XX əsrin sonlarında erməni daşnaklarının torpaqlarımıza təcavüzü başlayanda digər bölgələrimiz kimi, Biləsuvar rayonunun qəhrəman oğulları da silaha sarılaraq, Vətənimizin müdafiəsinə yollandılar. Biləsuvarın 122 nəfər igid oğlu bu amal uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəlib. 114 nəfər biləsuvarlı isə Qarabağ müharibəsi əlili statusu alıb. Daxili Qoşunların sıralarında müddətli həqiqi hərbi xidmət keçmiş cəsur döyüşçü Mübariz İbrahimov isə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Biləsuvarın şəhidlik zirvəsinə ucalan cəsur oğullarından 13 nəfəri məhz Daxili Qoşunların hərbi qulluqçuları idi.
 
Belə qəhrəmanlardan biri - Daxili Qoşunların sıravi hərbi qulluqçusu şəhid Saleh Hüseynovun həyat və döyüş yolu barədə məlumat verəcəyik.
 
Sıravi Saleh İsi oğlu Hüseynov 1973-cü il dekabr ayının 31-də Biləsuvar rayonunun Fioletovka kəndində (indiki Çaylı - A.Ə.) dünyaya göz açıb. Hüseynovlar ailəsində doğulub boya-başa çatan on üç övladdan biri idi Saleh. İsi kişinin və Dönə ananın min bir zəhmətlə böyüdüb tərbiyə etdiyi övladlarının (Böyükxan, Əlixan, Mübariz, Təzəgül, Əsməgül, Hafiz, Ramiz, Xanımqız, Qabil, Valeh, Şahxanım, Saleh və Gülbəniz) ən sevimlisi idi. Saleh orta təhsilini Əlimərdan Hüseynov adına doğma Çaylı kənd orta məktəbində almışdı. Bu təhsil ocağını bitirdikdən sonra, 1992-ci il aprel ayında Biləsuvar RHK tərəfindən hərbi xidmətə çağırılıb.
 
S.Hüseynov Vətənə olan müqəddəs borcunu Daxili Qoşunların Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsində “sıravi” hərbi qulluqçu kimi yerinə yetirməyə başlayıb. 1992-ci ilin noyabr ayından isə qoşunların igid döyüşçüsü kimi Laçın və Füzuli rayonlarının müdafiəsi uğrunda gedən döyüşlərdə fəal iştirak edib.
 
Vaxtı ilə birgə xidmət etdiyi silahdaşları onu nizam-intizamlı və nümunəvi hərbi qulluqçu kimi bu gün də böyük iftixar hissi ilə xatırlayırlar. O dövrdə Daxili Qoşunların Laçında yerləşən “N” saylı hərbi hissə komandirinin tərbiyə işləri üzrə müavini olmuş polkovnik Əhliman İlmazovun qəhrəman döyüşçü haqqında söylədiyi xatirələrindən də bunu görmək olar: “...Sıravi S.Hüseynovu çox yaxşı tanıyırdım. Qorxunun nə olduğunu bilməyən, yüksək nizam-intizamı ilə fərqlənən igid döyüşçülərimizdən biri idi. Laçının Sarıbaba dağında, eləcə də Fingə, Qozlu, Haqnəzər və Təzəkənd kəndlərinin müdafiəsi uğrunda gedən döyüşlərdə Saleh snayper kimi fərqlənmişdi. O, aparılan hərbi əməliyyatlar zamanı igidlik və şücaət göstərərək qarşıya qoyulmuş döyüş tapşırıqlarını yüksək keyfiyyətlə yerinə yetirib...”. 
 
Daxili Qoşunların veteranı, Qobustan rayonu Poladlı kənd sakini, ehtiyatda olan leytenant Rövşən Göyçəyev də cəsur döyüşçü ilə birgə Laçında keçən ağrı-acılı günlərini xatırlayaraq, onun əsl qəhrəman kimi xidmət etdiyini bildirdi: “Salehlə cəbhə bölgəsinə eyni gündə getmişdik. Mənim komandiri olduğum tağımda xidmət edirdi. Göy-göz, orta boylu, idmançı oğlan idi. Olduqca ciddi, cəsur və mərd döyüşçü olub. Salehlə birgə Laçın rayonunda gedən bir sıra döyüşlərdə iştirak etmişəm. O, bizim snayperimiz idi. Çox sərrast atəş açardı...
 
Yaxşı yadımdadır, 1993-cü ilin yanvar ayının 5-i idi. Erməni yaraqlıları hərbi texnikanın köməyi ilə Təzəkəndə hücum etmişdi. İki gün davam edən bu döyüşdə daşnak qüvvələrinin üstün olmasına baxmayaraq, Daxili Qoşunların və könüllülərdən ibarət Laçın taborunun şəxsi heyətinin qəhrəmanlığı nəticəsində düşmən canlı qüvvə və texnika sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur olmuşdu. Saleh bu döyüşdə 9 erməni yaraqlısını öldürmüş, 7-sini isə yaralamışdır. Bu döyüşdən sonra, onun igidliyi və şücaəti nəzərə alınaraq, manqa komandiri təyin edilmişdi”.
 
R.Göyçəyev indiyədək qoruyub saxladığı cibb dəftərçəsini çıxarıb, Laçında xidmət etdiyi dövrdə öz xətti ilə yazdığı qeydləri mənə göstərir. Dəftərçədə tabeçiliyində vuruşan əsgərlərin adlı siyahısı, ünvanları, eləcə də xronoloji ardıcıllıqla baş vermiş döyüşlər barədə qiymətli məlumatlar qeyd olunub. Burada diqqətimi çəkən ən maraqlı qeydlərdən biri də 1993-cü ilin martın 26-da Təzəkənddə taqımın hər bir döyüşçüsü üçün yazılmış şeir oldu. Bu şeirdə Salehin igidliyini tərənnüm edən dörd misralıq bənd də öz əksini tapmışdı. Şeirin iki bəndini sizə təqdim edirəm:
 
Biz Fingədə qardaş olduq,
Təzəkənddə qardaş olduq.
Ermənidir düşmənimiz, 
Vuruşuruq ürəklə biz. 

Təzə ağardı dan yeri,
Saleh aldı snayperi.
O dağlara qalxdı,
Hələ düşmən ayılmamış...
 
1994-cü ilin yanvar ayında cəsur silahdaşımız S.Hüseynov qanlı döyüşlərin getdiyi  Füzuli rayonuna ezam olunur və Böyük Bəhmənli, Aşağı Yağlıvənd kəndlərinin düşməndən azad edilməsində yaxından iştirak edir.
 
18 yanvar 1994-cü il. Füzuli rayonunun Aşağı Yağlıvənd kəndinin azad edilməsi uğrunda şiddətli döyüşlər gedirdi. Saleh bölmə komandiri kimi tabeçiliyindəki əsgərlərlə birgə düşmənə sarsıdıcı zərbələr endirirdi. Əsgərlərimizin qətiyyətli hücumu qarşısında tab gətirməyən erməni daşnakları xeyli itki verərək, geri çəkilməyə məcbur olmuşdu. Lakin döyüşün sonunda düşmən artilleriyasının açdığı atəş nəticəsində Saleh ağır yaralanır və yanvarın 26-da gözlərini əbədi yumaraq, şəhidlik zirvəsinə yüksəlir...
 
Vətən uğrunda canını qurban verən igid silahdaşımız sıravi S.Hüseynov Bakı şəhərində 2-ci Fəxri Xiyabanda dəfn olunub. Çaylı kəndindəki mərkəzi küçə şəhid S.Hüseynovun adını daşıyır.
 
 Azərbaycan Respublikası Prezidentinin 10 mart 2016-cı il tarixli Sərəncamı ilə sıravi Hüseynov Saleh İsi oğlu respublikamızın ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiyinə, döyüş zamanı igidlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə “İgidliyə görə” medalı ilə (ölümündən sonra) təltif edilmişdir (Medal 19.03.2016-cı il tarixdə Daxili Qoşunların Baş İdarəsində təşkil olunmuş təntənəli mərasim zamanı Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov tərəfindən şəhidin qardaşı Əlixan Hüseynova təqdim olunmuşdur).
 
Şəhid S.Hüseynovun həyat və döyüş yolundan bəhs edən yazılara görkəmli ziyalımız Mirzə Müşfiqin Biləsuvar şəhidlərindən bəhs edən “Şəhidlik bir səadət ki...” adlı kitabında, həmçinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytında (http://seferberlik.gov.az/rgminfoall/1168.html) rast gəlmək olar.
 
Məlumat üçün qeyd edək ki, Saleh Hüseynovun adı Daxili Qoşunların Arxivində saxlanılan Daxili Qoşunlar üzrə “1992-1994-сü illərdə gedən döyüş əməliyyatları nəticəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı”nda 197-ci sıra nömrəsi ilə qeydə alınması və Füzuli rayonunda həlak olması göstərilib.
 
Saleh kimi igid silahdaşlarımız Daxili Qoşunların tərkibində xidmətlərini bu gün də şərəflə davam etdirirlər. Sıralarında vətənpərvər oğulların xidmət etdiyi Azərbaycan Ordusu işğal altında olan müqəddəs torpaqlarımızı düşməndən azad etməyə hər zaman hazırdır.
 
Allah şəhidlərimizə rəhmət eləsin!
 
 
Kapitan    Anar  Əhmədov,
Daxili    İşlər   Nazirliyinin
Daxili  Qoşunlarının  zabiti