VƏTƏN MƏNƏ OĞUL DESƏ, NƏ DƏRDİM...

«Hər bir şəhid bizim üçün böyük itkidir. Onların xatirəsi bizim üçün əzizdir, qəlbimizdə daim yaşayacaqdır». 
 
Heydər Əliyev, Azərbaycan xalqının Ümummilli Lideri

 XX əsrin sonlarında bədnam qonşularımızın yenidən baş qaldıraraq ulu babalarımızdan bizlərə miras qalan müqəddəs torpaqlarımıza qarşı təcavüz etməsi, dinc insanlara – körpələrə, qadınlara və qocalara qarşı vəhşiliklər törətməsi Vətənimizin qeyrətli oğullarını silaha sarılmağa, onu müdafiə etməyə səsləyirdi... 
 
Vətənimizn belə ağır günlərində onun səsinə səs verərək, müdafiəsinə yollanan və son damla qanınadək vuruşaraq qəhrəmancasına şəhid olan igid oğullarımızdan biri də Daxili Qoşunların cəsur döyüşçüsü çavuş Şirin Hüseynovdur.
 
Çavuş Şirin Müslüm oğlu Hüseynov 1973-cü il iyun ayının 3-də Ağcabədi  şəhərində anadan olub. Müslüm kişinin və Kəklik ananın böyüdüb boya-başa çatdırdığı dörd övladdan (Yalçın, Saçlı, Şirin və Polad) biri və eyni zamanda ailənin üçüncü övladı idi Şirin... 
 
1980-1988-ci illərdə Ağcabədi şəhər 2 saylı orta məktəbdə təhsil alıb. Hələ bu təhsil ocağında oxuyarkən, Şirin nizam-intizamı, bilik və bacarığına görə həm müəllim kollektivinin, həm də şagirdlərin dərin hörmətini qazanmışdır. Bunu vaxtı ilə Şirinə “Azərbaycan dili” və “Ədəbiyyat” fənlərindən dərs demiş məktəbin müəllimi Nüşabə Abdullayevanın qəhrəman döyüşçü ilə bağlı söylədiyi xatirələrindən də hiss etmək olar: “... Mən Şirinə 5-8-ci siniflərdə oxuyarkən dərs demişəm. Onun olduqca çalışqan, tərbiyəli və vətənpərvər şagird olması indi də çox yaxşı xatirimdədir.

Şirin bütün yoldaşlarından seçilirdi. İstər davranışlarında, istərsə də yaxşı oxumağında. Məktəbdə təhsil alarkən ictimai işlərin həm təşkilatçısı, həm də iştirakçısı olmuş, müəllim və şagird kollektivinin dərin hörmətini qazanmışdır. Oxuduğu illərdə Şirin daha çox rəssamlığa, avtomaşın mühərriklərinin sökülüb-yığılmasına, xüsusi ilə də hərbi dərslik və hərbi ləvazimatlara böyük maraq göstərirdi. 

 Hətta yaxşı yadımdadır ki, Şirin 8 illik şəhadətnaməsini alıb, texniki peşə məktəbinə getmək istəyəndə direktor razılıq vermirdi. Deyirdi ki, qal təhsilini davam elətdir. Şirin isə bildirdi ki, mən maşinist olmaq istəyirəm. Nəhayət, atasından və məktəb direktorundan özü xahiş edib, 150 saylı texniki peşə məktəbində təhsilini davam etdirməsinə razılıq ala bildi. Beləliklə, 15 yaşlı gənc Ş.Hüseynov 1988-ci ilin sentyabrında şəhər 150 saylı orta texniki peşə məktəbinə daxil olmuş, 1991-ci ilin iyulun 1-də isə orta təhsil almaqla, “traktorçu-maşinist” ixtisası üzrə kursu bitirməyə müvəffəq olmuşdur”. 

Lakin digər həmyaşıdları kimi, Şirinin də yeniyetməlik və gənclik çağları respublikamızın ən ağır dövrünə - bədnam qonşularımızın Qarabağda - Xocalıda və digər həmsərhəd rayonlarımızda dinc əhaliyə qarşı ardı-arası kəsilməyən vəhşiliklər törətdikləri dövrə təsadüf edir. 

Belə bir dövrdə, 1992-ci ilin iyun ayının 22-də Ş.Hüseynov Ağcabədi RHK tərəfindən həqiqi hərbi xidmətə çağırılır. Şirin tərəddüd etmədən düşmənə olan nifrət hissi ilə canından çox sevdiyi doğma Vətəninin müdafiəsinə yollanır.  

Bir müddət sonra o, Daxili Qoşunların “N” saylı hərbi hissəsinin “sıravi” hərbi qulluqçusu kimi Vətənə olan müqəddəs borcunu şərəflə yerinə yetirməyə başlayır. Sıravi Ş.Hüseynov nümunəvi xidməti, yüksək intizamı və möhkəm iradəsi sayəsində tez bir zamanda komandirlərinin, eləcə də əsgər yoldaşlarının dərin hörmət və etibarını qazanmağa müvəffəq olur. Komandirləri tərəfindən onun bu müsbət keyfiyyətləri nəzərə alınaraq,  bir müddət sonra “çavuş” kursuna göndərilir.  

 Şirinin döyüşçü dostları onun əsl hərbçiyə xas olan müsbət keyfiyyətlərini bu gün də böyük iftixar hissi ilə xatırlayırlar. Vaxtı ilə şəhid silahdaşımızla bir səngərdə vuruşan və o dövrdə sıravi hərbi qulluqçu kimi xidmət edən polkovnik-leytenant Elbrus Hüseynov (hazırda Daxili Qoşunların Ali Hərbi Məktəbində qərargah rəisinin döyüş təlimi üzrə müavini - A.Ə.) cəsur döyüşçü ilə bağlı xatirələrini bizimlə bölüşərkən bunları dedi: “Şirini çox yaxşı tanıyırdım. Hərbi xidmətə də onunla eyni ildə və eyni ayda çağırılmışam. İkimiz də qoşunların o zaman Əli-Bayramlı şəhərində (indiki Şirvan – A.Ə.) yerləşən çavuş kursunu birgə bitirmişdik. Olduqca mehriban, dostluqda və yoldaşlıqda möhkəm, qorxubilməz hərbi qulluqçu idi. Bu xarakterik xüsusiyyətlərinə görə də Şirin xidmətə gəldiyi ilk günlərdən bütün yoldaşlarının dərin rəğbətini qazanmağa müvəffəq olmuşdur. Elə döyüş bölgəsinə də Şirinlə birgə getmişdik. İlk döyüş yolumuz Ağdam rayonunun Sırxavənd kəndindən başladı. Onun əsl dost, əsl döyüşçü olması elə burada – ön cəbhədə də özünü qısa bir zamanda göstərdi. Ən çətin döyüş əməliyyatları üzrə  tapışırıqların icrasına Şirin tərəddüd etmədən, canla-başla gedirdi. O, heç bir çətinlikdən qorxmurdu. Bəli, deyə bilərəm ki, çavuş Ş.Hüseynov doğurdan da əsl qəhrəman idi”. 

 Çavuş Ş.Hüseynov sonralar Ağdam rayonunun Qazançı, Baş Güneypəyə, Orta Güneypəyə, Manikli, Xatınbəyli, Canyataq, Qalayçılar, Papravənd, Boyəhmədli, Salahlı və s. yaşayış məntəqələri və bir sıra yüksəkliklər uğrunda gedən döyüşlərdə iştirak edərək, torpaqlarımıza əl uzadan onlarla erməni daşnakının başına od-alov yağdırmışdı. 

05.01.1994-cü il. Füzuli rayonunun Yağlıvənd kəndinin azad edilməsi uğrunda gedən döyüş çavuş Ş.Hüseynovun son döyüşü oldu. O, bu döyüşlər zamanı qəhrəmancasına vuruşaraq, şəhidlik zirvəsinə ucaldı. 

Vətənin igid oğlu Ş.Hüseynov 08.01.1994-cü il tarixdə doğma Ağcabədi şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib.

Onun Füzuli cəbhəsində göstərdiyi qəhrəmanlıqları və şəhid olması barədə qeydlər, o dövrdə “N” saylı hərbi hissə komandirinin tərbiyə işləri üzrə müavini olmuş mayor Bəxtiyar Abdullayevin (hazırda Daxili Qoşunların veteranı, ehtiyatda olan polkovnik – A.Ə.) imzası ilə təsdiq edilmiş və ölümündən sonra cəsur döyüşçü üçün yazılmış müvafiq “Xidməti xasiyyətnamə”də öz əksini tapıb: “... Onun növbəti döyüş yolu Füzuli rayonundan başladı. Düşmən aramsız olaraq bu rayonun yaşayış məntəqələrinə hücum edirdi. Çavuş Hüseynov Şirin Müslüm oğlu düşmənin bu azğınlığına dözməyib, yoldaşları ilə birlikdə döyüşə girdi. 1993-cü ilin dekabr ayının 25-də düşmən mövqelərinə növbəti hücum oldu. Çavuş Ş.Hüseynov bu döyüşdə düşmənin canlı qüvvəsinə və texnikasına sarsıdıcı zərbə vurdu. 

 1994-cü ilin yanvarın 5-də düşməni Yağlıvənd kəndindən geri oturtmaq üçün hücuma keçilmişdi. Çavuş Ş.Hüseynov bu döyüşdə də öz qəhrəmanlığını göstərdi. Ancaq bu onun son döyüşü oldu...”. 
 
Cəsur döyüşçünün digər silahdaşı olan və o dövrdə sürücü - sanitar təlimatçı əsgər kimi xidmət edən mayor Gülağa Meybiyev (hazırda Daxili Qoşunların Baş İdarəsinin Mənəvi-psixoloji hazırlıq şöbəsində klub rəisi - A.Ə.) də onun əsl vətənpərvər hərbi qulluqçu olduğunu qeyd edərək, Şirin kimi qəhrəman oğullarımızın əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirdi: “...Çavuş Ş.Hüseynovla ilk dəfə qızğın döyüşlərin getdiyi Ağdam rayonunun Naxçıvanik kəndində tanış olduq. Ümumiyyətlə, harada şiddətli döyüşlər gedirdisə, Şirini orada görmək olardı. Yalnız hərbi əməliyyatlarda fəal iştirak etməsindən deyil, həm də söhbətlərindən, yoldaşları ilə olan rəftarından və davranışlarından da onun əsl vətənpərvər bir döyüşçü olduğunu görmək olardı...”.  

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.08.1994-cü il tarixli müvafiq qərarı ilə vaxtı ilə təhsil aldığı Ağcabədi şəhərindəki 2 saylı orta ümumtəhsil məktəbinə Daxili Qoşunların qəhrəman döyüşçüsü şəhid Şirin Müslüm oğlu Hüseynovun adı verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 11 mart 2008-ci il tarixli Sərəncamı ilə çavuş Hüseynov Şirin Müslüm oğlu respublikamızın ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiyinə, döyüş zamanı igidlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə “İgidliyə görə” medalı ilə (ölümündən sonra) təltif edilmişdir. 

 Şəhid Ş.Hüseynov barədə məlumatlara həmçinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytında (http://seferberlik.gov.az/rgminfoall/201.html) rast gəlmək olar. Bununla yanaşı, jurnalist Tatyana Çaladzenin 1993-cü ildə Bakıda rus dilində nəşr olunan və 1992-ci ilin oktyabrından 1993-cü ilin aprel ayınadək olan dövrü əhatə edən “Карабах: Война в лицах” (фотохроника) adlı jurnalının 1-ci hissəsinin 29-cu və 31-ci səhifələrində Şirinin Ağdamda döyüşçü yoldaşları ilə birgə çəkdirdiyi şəkilləri dərc edilib.     
 
Bundan əlavə, çavuş Ş.Hüseynovun adı qoşunların Arxivində saxlanılan Daxili Qoşunlar üzrə “1992-1994-сü illərdə gedən döyüş əməliyyatları nəticəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı”nda 478-ci sıra nömrəsi ilə Füzuli rayonunda şəhid olması qeyd olunmuşdur. 

Allah şəhidlərimizə rəhmət eləsin!
 
 
Kapitan    Anar  Əhmədov,
Daxili    İşlər   Nazirliyinin
Daxili  Qoşunlarının  zabiti