Vətən  ulu əcdadlarımızdan bizlərə miras qalan, qoynunda dünyaya göz açıb, böyüyüb boya-başa çatdığımız müqəddəs torpaqdır. Məhz elə buna görədir ki, biz doğma yurdumuza Ana Vətən deyirik.
 
  Mənfur qonşularımız olan erməni daşnakları müqəddəs torpaqlarımızı qəsb etməyə başlayanda Vətənimizin qeyrətli oğulları silaha sarılaraq onun müdafiəsinə qalxdılar. “Ana Vətən uğrunda!” deyərək, qəhrəmancasına şəhid olan igid oğullarımız düşmənə sarsıdıcı zərbələr vurub, onların məkrli planlarını gözlərində qoydular.
 
  Vətənimizin belə qəhrəman övladlarından biri də Daxili Qoşunların sıravi döyüşçüsü, şəhid Səxavət Bayramovdur.
 
  Sıravi Səxavət Allahverdi oğlu Bayramov 1973-cü il iyul ayının 13-də Neftçala rayonunun Uzunbabalı kəndində dünyaya göz açıb. Allahverdi kişinin və Səadət ananın böyüdüb boya-başa çatdırdığı beş övladdan (Səxavət, Südabə, Sədaqət, Səriyyə və Adıgözəl) biri və eyni zamanda ailənin ilk övladı idi Səxavət. Bankə qəsəbəsindəki səkkizillik orta məktəbi bitirdikdən sonra təhsilini rayondakı 151 saylı texniki peşə məktəbində davam etdirib və çilingər ixtisasına yiyələnib.
 
  Digər həmyaşıdları kimi Səxavətin də yeniyetməlik və gənclik illəri respublikamızın ən təlatümlü dövrünə təsadüf edirdi. XX əsrin sonlarında erməni daşnaklarının yenidən müqəddəs torpaqlarımıza başlayan hərbi təcavüzü hər bir qeyrətli Vətən oğlu kimi onu da hədsiz narahat edirdi.
 
  17 dekabr 1991-ci il. Səxavətin hələ uşaq yaşlarından həvəslə gözlədiyi an, nəhayət gəlib yetişdi. Neftçala Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan S.Bayramov Vətənə olan müqəddəs borcunu Daxili Qoşunların Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində “sıravi” hərbi qulluqçu kimi yerinə yetirməyə başlayır. 1992-ci ildən etibarən isə mayor Əkbər Hüsüyevin (Daxili Qoşunların veteranı, ehtiyatda olan polkovnik-leytenant  A.Ə.) komandiri olduğu taborun tərkibində Qoşunların igid döyüşçüsü kimi Zəngilan rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə fəal iştirak edir.
 
  1993-cü ilin aprel ayında S.Bayramovun xidmət etdiyi tabor Müdafiə Nazirliyinin bölmələri ilə birgə Zəngilan rayonunun Qaragöl, Şayıflı, Nəcəflər və digər yaşayış məntəqələri istiqamətindən uğurlu hücum əməliyyatı keçirərək düşmən postlarını məhv etmiş və bir sıra strateji əhəmiyyət kəsb edən yüksəklikləri ələ keçirmişlər.
 
  Sıravi S.Bayramov mahir pulemyotçu olmaqla yanaşı, həm də “Nəbi daşı” deyilən əsas yüksəklikdə yerləşən mövqelərdən birində post rəhbəri idi.
 
  17 aprel 1993-cü il. Təpədən dırnağadək silahlanmış 40-dək erməni daşnakı itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə Səxavətin rəhbərlik etdiyi posta hücum edir. Lakin cəsur döyüşçümüz S.Bayramov ayıq tərpənərək, yoldaşları ilə birgə düşmənə sarsıdıcı zərbələr endirir, düşmənin arzusunu ürəyində qoyur. Səxavət düşmənin 10-a yaxın əsgərini məhv edir. Məqsədinə nail ola bilməyən daşnaklar cəsədlərini sürüyərək geri çəkilməyə məcbur olurlar. Lakin bu döyüş sıravi S.Bayramovun son döyüşü olur.
 
  Döyüşün sonunda “Qan çanağı” adlandırılan yüksəklik istiqamətindən düşmən snayperinə tuş gəlir. Başından ağır yaralanan Səxavəti vaxtında hospitala çatdırsalar da, aprelin 18-nə keçən gecə gözlərini əbədi yumur.
 
  O, aprelin 20-də Neftçala rayonunun Şəhidlər Xiyabanında dəfn olunub. Rayonun küçələrindən biri onun adını daşıyır.
 
  Aradan xeyli müddət keçməsinə baxmayaraq, ehtiyatda olan polkovnik-leytenant Ə.Hüsüyev döyüşlər zamanı əsgərlərimizin, o cümlədən, şəhid S.Bayramovun göstərdiyi qəhrəmanlıq nümunələrini böyük qürur hissi ilə xatırladığını deyir: “…taborda qoçaq, qorxubilməz, igid döyüşçülər çox idi. Səxavət də məhz belə silahdaşlardan biri idi. Xarakter baxımından olduqca ciddi əsgər idi. Yaxşı yadımdadır, o əslən Siyəzən rayonundan olan gizir Teymur Rzayevin komandiri olduğu taqımın tərkibində vuruşurdu. Taqımın şəxsi heyəti “Nəbi daşı” deyilən və strateji əhəmiyyət kəsb edən yüksəklikdəki postun müdafiəsində dururdu. Olduqca bacarıqlı hərbi qulluqçu idi. Səxavət neçə-neçə düşmən yaraqlısını cəhənnəmə vasil etmişdi. Düşünürəm ki, onu döyüşlərdə düşmənə qarşı amansız olmağa sövq edən də məhz erməni təcavüzkarlarına qarşı hədsiz nifrəti idi”.
 
  Azərbaycan Respublikası Prezidentinin 11 mart 2015-ci il tarixli Sərəncamı ilə sıravi Bayramov Səxavət Allahverdi oğlu respublikamızın ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiyinə, döyüş zamanı igidlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə “İgidliyə görə” medalı ilə (ölümündən sonra) təltif edilib.
 
  Şəhid S.Bayramovun həyat və döyüş yolundan bəhs edən yazılara görkəmli ziyalımız, jurnalist Tamilla Əliyevanın Neftçala şəhidlərindən bəhs edən “Analar deyir ki...” adlı kitabında, həmçinin Mərdan Hüseynlinin müəllifi olduğu və “Əsgər” qəzetinin 8 may 1993-cü il tarixli sayında dərc olunan “Bu igidin laylasını Vətən çaldı” başlıqlı məqaləsində rast gəlmək olar (Məqalə Təranə Məmmədovanın 1999-cu ildə Bakıda nəşr olunan və Daxili Qoşunların şəhid hərbi qulluqçularının həyat və döyüş yolundan bəhs edən “Oğullar verir ki can, yaşasın Azərbaycan” adlı kitabında dərc olunub). Bundan əlavə, igid döyüşçümüz haqqında məlumatlar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytında da öz əksini tapıb.
 
  Səxavət kimi cəsur silahdaşlarımız bu gün də Daxili Qoşunların sıralarında xidmətlərini şərəflə davam etdirirlər.