Ağdərənin Həsənriz (Aterk) kəndinin müdafiəsi zamanı hərbi qulluqçularımızın göstərdiyi qəhrəmanlıqlar hərb tariximizin şanlı səhifələrindəndir. Daxili Qoşunların Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsinin 38 nəfər döyüşçüsü bu kəndin müdafiəsi zamanı mühasirəyə düşməsinə baxmayaraq, düşmənə təslim olmamış, sonadək vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişlər.
 
  Şəhid Ağayev Sarvan İras oğlu da həmin 38 nəfərdən biri idi. 1973-cü il sentyabrın 15-də Sumqayıt şəhərində dünyaya göz açan Sarvan 1979-1987-ci illərdə şəhərdəki 31 saylı orta məktəbdə səkkizillik təhsil alıb.  44 saylı texniki peşə məktəbində təhsilini davam etdirərək, qaynaqçı peşəsinə yiyələnib. Hərbi xidmətə çağırılana qədər isə  istehsalatda çalışıb.
 
  O, 23 aprel 1992-ci ildə Sumqayıt Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Bir qədər sonra Daxili Qoşunların “N” saylı hərbi hissəsinin sıravi hərbi qulluqçusu kimi Vətənə olan müqəddəs borcunu şərəflə yerinə yetirməyə başlayır.
 
  Sıravi S.Ağavevin həyat və döyüş yolu barədə görkəmli ziyalımız Tofiq Əliyevin “Sumqayıtın qan yaddaşı” adlı 3-cü kitabında maraqlı məlumatlar verilmişdir. Müəllif kitabında Sarvanın 1992-ci ildə Gəncə şəhərində bir neçə ay təlim keçdikdən sonra Ağdərə rayonuna göndərildiyini qeyd edir: «Bu dövrdə Ağdərədə qanlı döyüşlər gedirdi. Hər iki tərəfdən çoxlu ölən və yaralanan vardı. Sarvan Ağayev aparılan qızğın döyüşlərdə dəfələrlə  fərqlənmişdi. Ağır vuruşların birində Sarvan mühasirəyə düşən əsgər yoldaşlarına kömək etmiş, onları düşmən mühasirəsindən azad etmişdi. Bu fəaliyyətinə görə o, komandirləri tərəfindən təşəkkürə layiq görülmüşdür».
 
  Kitabda həmçinin Sarvanın qəhrəmancasına döyüşərək, neçə-neçə erməni faşistini məhv etdiyi və misilsiz şücaətlər göstərdiyi vurğulanıb. Qeyd olunur ki, Sarvan 1992-ci il iyulun 19-da Ağdərə rayonunun Aterk kəndi uğrunda gedən ağır döyüşlərin birində yoldaşları ilə birlikdə mühasirəyə düşür. Mühasirəni yarmaq mümkün olmur. Vəziyyəti belə görən Sarvan özü üçün saxladığı qumbaranı çıxarıb yaxınlaşan düşmənə tərəf atır. Partlayış nəticəsində 25-30 nəfərə yaxın erməni yaraqlısı yerə sərilir. Partlayış yaxında olduğundan qumbaranın qəlpələri ondan da yan keçmir. Sarvan gözlərini əbədi yumaraq şəhidlik zirvəsinə yüksəlir. Müəllif Sarvanın bu cəsarətini Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin igidliyi ilə müqayisə edir.
 
  Daxili Qoşunların Veteranlar Şurasının katibi Yalçın Abbasovun Həsənrizdə şəhid olmuş döyüşçülərimizə həsr etdiyi və «Əsgər» qəzetində çap olunmuş «Aterk döyüşünü xatırladan məzar» başlıqlı məqaləsində olduqca maraqlı məlumatlar da öz əksini tapıb. Xeyli müddət keçməsinə baxmayaraq, yazı oxunarkən, son damla qanlarınadək döyüşərək şəhidlik zirvəsinə ucalan 38 nəfər Azərbaycan hərbçisinin göstərdiyi qəhrəmanlıq nümunələri hər kəsi qürurlandırır.
 
  Şəhid döyüşçümüz haqqında məlumatları həmçinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytında da əldə etmək olar.
 
  Azərbaycan Respublikası Prezidentinin 19 noyabr 1992-ci il tarixli müvafiq Fərmanı ilə sıravi Sarvan Ağayev Respublikamızın suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə “Azərbaycan Respublikasının Fəxri fərmanı” ilə (ölümündən sonra) təltif edilmişdir. Allah şəhidlərimizə rəhmət eləsin!
 
  Bakıdakı Şəhidlər Xiyabanda “Qardaşlıq məzarı”nda dəfn edilmiş və 38 nəfər döyüşçünün şərəfinə ucaldılan qəbirüstü abidədə şəhid döyüşçümüzün soyadı, adı və atasının adı Ağayev Sərvan İlyas oğlu kimi qeyd olunub.