Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında nümunəvi xidməti və nizam-intizamı ilə seçilən hərbi qulluqçularımızdan biri də Bakıdakı “N” saylı hərbi hissədə xidmət edən gizir Günay Əliyevadır. Xidməti vəzifə borclarına məsuliyyətlə yanaşan qadın hərbi qulluqçu, eyni zamanda, Daxili Qoşunları beynəlxalq idman yarışlarında yüksək peşəkarlıqla təmsil edir.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, artıq 12 ildir ki, idmanın karate növü ilə məşğul olan hərbi qulluqçumuz “birinci dan qara kəmər” ustasıdır. 2008-ci ildə Asiya çempionu adını qazanan idmançı, 2011-ci ildə Gürcüstanda keçirilən kinq-boksinq üzrə çempionatda Cənubi Qafqaz çempionu adını, həmin ildə Ukraynada keçirilən dünya çempionatında isə üçüncü yeri qazanıb.

Növbəti dəfə 2015-ci ildə Avropa çempionu adını qazanan Günay 2017-ci il mayın 4-dən 7-ndək Ukraynanın Xarkov şəhərində təşkil olunmuş kempo karate və kobudo üzrə dünya çempionatının qalibi kimi tanınıb.

Hərbi qulluqçumuzun nailiyyətləri hər bir azərbaycanlını sevindirir. Azərbaycan bayrağını beynəlxalq yarışlarda şərəflə dalğalandıran, təmsil etdiyi qurumu öz uğurları ilə sevindirən gizir G.Əliyevaya yeni-yeni qələbələr arzu edirik.
 
 
“AZƏRTAC” Xəbər Agentliyi, Bakı şəhəri, 12 may 2017-ci il.