Çavuş İqor Makeyev

İqor Makeyev 27 oktyabr 1971-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1979-cu ildə 39 saylı məktəbə getmiş, 1987-ci ildə səkkizinci sinfi bitirmişdir. 1990-cı ildə hərbi xidmətə çağırılan İqor əvvəlcə Bakıda, sonra isə Rusiyanın Rostov vilayətində xidmət etmiş və burada çavuş məktəbində təhsil almışdır.

Azərbaycanda baş verən hadisələr İqoru narahat etmiş, o, təhsilini yarımçıq qoyub Gəncəyə qayıtmışdır. Anası onun gəlişinə etiraz edəndə o, demişdir : "Ana, məni düzgün başa düş! Mən Azərbaycanda dünyaya göz açmışam, ilk addımlarımı bu torpaqda atmışam. Bura mənim vətənimdir. Özümü də bu torpağın övladı sayıram! Övlad Vətəni dar gündə qoyarmı? Mən Azərbaycanı qorumalıyam, yeri gəlsə, onun yolunda canımı da fəda edərəm!"
İqor Makeyev belə də etmişdir. O, Bakıya gəlmiş, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissələrinin birində xidmət etmək üçün müraciət etmişdir. Bununla da onun cəbhə həyatı başlamışdır.

Döyüşlərdə iştirakı

1992-ci il iyunun 5-də ermənilər Naxçıvanlı kəndinə hücuma keçmişdi. Həmin döyüşdə İqor onlarla erməni yaraqlısını məhv etmişdir. Ermənilər kəndi tutsalar da, döyüşçülərimiz əks hücuma keçərək kəndi geri ala bilmişlər. Ağdərə uğrunda gedən döyüşlərdə də İqor rəşadətlə vuruşmuşdur. 1992-ci il avqustun 2-də "Vışka" yüksəkliyi uğrunda gedən döyüşdə İqor "Nikulin" ləqəbli azərbaycanlı döyüşçü ilə birlikdə pulemyotla ön cərgədə mövqet tutaraq düşmənin irəliləməsini əngəlləyirdi. Onlarla erməni quldurunu məhv edən İqor 28 nəfər azərbaycanlı döyüşçünün mühasirədən çıxmasına imkan yaratmış, özü isə qəhrəmancasına həlak olmuşdur.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Makeyev İqor Vladimiroviç ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Sadıllı qəsəbəsində qəhrəmanımızın adına küçə var.