Baş leytenant Elşad Yəhyayev

Elşad Yəhyayev 5 may 1966-cı ildə Şəki şəhərində doğulmuşdur. 1973-cü ildə Şəkidəki 12 saylı məktəbə getmişdi. 1977-ci ildə ailələri ilə Bakıya köçürlər. 1983-cü ildə Xətai rayonundakı 56 saylı orta məktəbi bitirir. 1984-1986-cı illərdə hərbi xidmətdə olmuşdur. 1987-ci ildə Saratov Ali Hərbi Komandirlər Məktəbinə daxil olur. 1991-ci ildə leytenant rütbəsi ilə Vətənə dönür. Bu zaman artıq Qarabağ müharibəsi başlamışdı.

Döyüşlərdə iştirakı

Elşad könüllü olaraq DİN-ə müraciət edir və onu hərbi hissəyə taqım komandiri təyin edirlər. Cəsur komandir Sırxavənd, Naxçıvanlı, Papravənd kəndlərində gedən döyüşlərdə iştirak edir. Ermənilərə öz şücaətini göstərən döyüşçü xeyli qulduru məhv etmişdi. Naxçıvanlı kəndində qaynar döyüşlər gedirdi. Ermənilər ağır itki verərək geri çəkildilər. Elşad bu döyüşdə xeyli düşməni məhv etmişdi, lakin qəfil snayperdən açılan güllə onun gənc ömrünə son qoydu. 1992-ci il iyunun 20-də o, qəhrəmancasına şəhid oldu.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Yəhyayev Elşad Məmmədhənifə oğluna olümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Şəki rayonundakı 12 saylı məktəb qəhrəmanımızın adını daşıyır.
Bakı şəhərindəki 56 saylı orta məktəbdə isə onun büstü qoyulub.